Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın MDB Parlamentlərarası Assambleyasının Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında və konsert tədbirində iştirakı
Sankt-Peterburq şəhərində işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti 17 aprel 2025-ci il tarixində MDB Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak etmişdir. İclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və digər təşkilati məsələlər nəzərdən keçirilmişdir.
Həmçinin MDB Parlamentlərarası Assambleyasının 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində cari ilin 18 aprel tarixində Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti tərəfindən Piskaryov memorial məzarlığında “Ana Vətən” abidəsi və Xatirə Xiyabanında Leninqradın blokadadan azad olunması zamanı qəhrəmancasına həlak olmuş Azərbaycanın oğul və qızlarının memorial lövhəsi ziyarət olunmuşdur.
Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında və konsert tədbirində iştirak etmişdir.
Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolunu çıxışı zamanı xüsusi qeyd edən Milli Məclisin sədri Sahibə Qafarova xalqımızın cəbhəyə 600 mindən artıq oğul və qızını göndərdiyini, onlardan 300 mindən çoxunun döyüşlərdə həlak olduğunu, eləcə də bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü və 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycanlı çağırışçılar və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaların Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçdiklərini, Moskva, Leninqrad, Brest, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşdüklərini, həmvətənlərimizin Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında fəal iştirak edərək partizan hərəkatında saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərdiklərini və bununla da öz adlarını tarixə qızıl hərflərlə yazdırdıqlarını qeyd etmişdir.
Ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğının bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qaldığını, bu istiqamətdə Prezident tərəfindən imzalanmış çoxsaylı sərəncamların müharibə veteranlarına göstərilən qayğının artırılmasının və onların sosial müdafiəsinin gücləndirilməsinin bariz sübutu olduğunu qeyd etmiş və Ümummilli Lider Heydər Əliyevin "Veteranlar xalqımızın "qızıl fondu"dur" sözlərini iclas iştirakçılarına xatırlatmışdır.
Milli Məclisin sədri çıxışı zamanı 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunmasının, bu torpaqlarda həyatın bu gün yenidən canlandırılmasının xalqımızın həm keçmiş, həm də indiki nəsillərinin ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirdiyini bildirmişdir.
Əlavə olaraq səfər proqramı çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın 17 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə nümayəndə heyətləri səviyyəsində ikitərəfli görüşü keçirilmişdir.
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanmışdır.
Milli Məclisin sədri Sahibə Qafarova cari ilin aprel ayında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində təşkil olunan Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının uğurla təşkil olunmasına görə həmkarına təbriklərini çatdırmış, Azərbaycan və Özbəkistan parlamentləri səviyyəsində qarşılıqlı səfərlərin mütəmadi xarakter daşıdığını, bu səfərlərin və yüksək səviyyəli təmasların qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini qeyd etmişdir.
Həmçinin söhbət zamanı “Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı”nda (Yol xəritəsi) cari il üçün nəzərdə tutulan tədbirlər haqqında və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri 18 aprel 2025-ci il tarixində başa çatmışdır.
“Pulkovo” beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq hökumətinin, Sankt-Peterburq Qanunvericilik Məclisinin, MDB PA Şurasının nümayəndələri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər yola salmışdır.