news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 iyun 2025

Azərbaycan nümayəndə heyətinin 28-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2025) iştirakı

28-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2025) iştirak məqsədilə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin 18-20 iyun tarixlərində Sankt-Peterburq şəhərinə səfəri həyata keçirilmişdir.

Səfər çərçivəsində 19 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov arasında nümayəndə heyətləri səviyyəsində görüş keçirilmişdir.

Görüş zamanı ikitərəfli iqtisadi-ticarət münasibətlərinin, kənd təsərrüfatı, sənaye, turizm, biznesin inkişafı və s. sahələrdə və hər iki tərəfin biznes dairələri arasında əməkdaşlığın gələcək perspektivləri, əlverişli biznes və investisiya mühiti ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Forum çərçivəsində Azərbaycan və Rusiyanın iqtisadi-ticarət əməkdaşlığının, eləcə də iki ölkənin biznes dairələri arasında əlaqələrin gələcək inkişafı məsələlərinin müzakirə olunduğu Rusiya-Azərbaycan Biznes Dialoqu keçirilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev Rusiya-Azərbaycan Biznes Dialoqunun ikitərəfli əməkdaşlığın perspektivlərinin əsaslı müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayaraq iqtisadi-ticarət əlaqələrinin inkişafı və əməkdaşlığın yeni formalarının müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini, iki ölkə arasındakı əməkdaşlığın qarşılıqlı investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və azad ticarət haqqında sazişlər də daxil olmaqla, imzalanmış 270-dən çox sənəddən ibarət möhkəm hüquq-müqavilə bazasına əsaslandığını, 2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 10,78 % təşkil etdiyini və ticarət dövriyyəsinin 2.6% artdığını, 2024-cü ilin birinci yarısına olan statistik məlumata əsasən ticarət dövriyyəsinin 5.8 milyard ABŞ dolları təşkil etdiyini diqqətə çatdırmışdır.

Azərbaycan ilə Rusiyanın iqtisadi əlaqələrinin strateji xarakter daşıdığını bildirən Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk ticarət dövriyyəsinin artmasının və investisiya əməkdaşlığının genişlənməsinin iki ölkə arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsinə təkan verdiyini qeyd etmişdir. Həmçinin Rusiyanın Azərbaycanda 18 investisiya layihəsinin həyata keçirildiyi, qarşılıqlı turizm səfərlərinin (əsasən dağ turizmi) göstəricisinin 910 min nəfərdən çox olduğu vurğulanmışdır.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov və "Absolut Bank”ın Direktorlar Şurasının sədri Azər Talıbov iki ölkə arasında biznes və investisiya əməkdaşlığı, iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı tədbirdə çıxış etmişdir.

SPIEF-2025 çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüşü baş tutmuşdur.

Görüş zamanı cari il ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilmiş, heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, istehlakçıların sağlam və keyfiyyətli məhsullar ilə təmin edilməsi istiqamətində mövcud tələblər ilə bağlı məsələlər müzakirə olunmuş, AQTA ilə “Rosselxoznadzor” arasında qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin operativ və səmərəli həyata keçiriləcəyi vurğulanmışdır.

Forum çərçivəsində 18 iyun 2025-ci il tarixində TASS informasiya agentliyinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirmiş və mətbuat nümayəndələrinin suallarını cavablandırmışdır.

Görüş zamanı  AzərTac-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Xəzər dənizinin suyunun səviyyəsinin enməsi və Volqa çayından Xəzər dənizinə tökülən suyun həcminin azalmasının qarşısının alınması istiqamətində Rusiya tərəfindən atılan addımlar ilə bağlı sualına Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Xəzərin dayazlaşması ilə bağlı məsələnin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qaldırıldığını, çox böyük qlobal xarakter daşıyan bu məsələdə ölkə başçımızı dəstəklədiyini, vaxtında lazımı tədbirlərin görülməsinin vacib olduğunu və bununla bağlı Rusiya Federasiyasının Hökumətinə müvafiq tapşırıqların verildiyini, hər iki ölkənin dövlət rəsmilərinin bu istiqamətdə birgə iş apardıqlarını bildirmişdir.

İki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 7% artdığını, ölkələrimiz arasında logistika (“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi) və istehsal sahələri, xüsusən gəmiqayırma sahəsində birgə layihələrin icra edildiyini, Bakı Gəmiqayırma Zavoduna sifarişlərin artırılmasına hazır olduqlarını diqqətə çatdırmışdır.

            Forumun 3-cü günündə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Vadim Şumkov ilə görüşü keçirilmişdir. Söhbət zamanı maşınqayırma və kənd təsərrüfatı sahələrində iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasında və Sumqayıt Texnologiyalar Parkında müəssisələrin yaradılması, biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı məsələlər müzakirə olunmuşdur.

2024-cü ildə Azərbaycan ilə Kurqan vilayəti arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını, bunun təxminən 97%-ni Kurqan vilayətindən ixracın təşkil etdiyini, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayevin cari ilin iyun ayının əvvəlində regiona səfəri çərçivəsində buradakı sənaye müəssisələri ilə tanış olduğunu və bununla da ticarət dövriyyəsinin artırılmasına və biznes dairələrinin qarşılıqlı faydalı əməkdaşlığına münbit zəmin olduğunu qubernator Vadim Şumkov diqqətə çatdırmışdır.

Azərbaycan nümayəndə heyəti 20 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən SPIEF-2025 plenar iclasında iştirak etmişdir.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti qeyd olunan tədbir və görüşlərdə səfir Rəhman Mustafayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, AQTA-nın sədri Qoşqar Təhməzli, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Sankt-Peterburqdakı baş konsul v.i.e Anar Yusifzadənin iştirakı ilə təmsil olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti