news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 noyabr 2025

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilmiş tədbir

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar 3 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda tədbir keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Başar Başol, Pakistan İslam Respublikasının Sankt-Peterburq şəhərindəki fəxri konsulu Rauf Abdul Rind, MDB PA Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki ali hərbi akademiyalarında təhsil alan azərbaycanlı zabitlər, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişdir.

 

İlk olaraq 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının əzəli torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmişdir.

 

Tədbir zamanı çıxış edən səfir Rəhman Mustafayev və baş konsul vəzifəsini icra edən Anar Yusifzadə Azərbaycan xalqının əzmi və iradəsi, hərbi potensialı, müasir ordu quruculuğu, iqtisadi gücünün birgə vəhdəti nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük Vətən Müharibəsində şanlı qələbəsinin simvolu olan 8 noyabr – Zəfər Gününün dövlətçilik tariximizdəki xüsusi əhəmiyyətindən bəhs etmişdir.

 

Həmçinin torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən geniş miqyaslı quruculuq-bərpa və reinteqrasiya işləri barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

 

Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş foto sərgi təşkil edilmiş, sənədli film nümayiş olunmuş və ziyafət verilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti