2021-12-13

Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb

Cari ilin 13 dekabr tarixində Sankt-Peterburqun tanınmış ictimai xadimləri, ziyalıları və Azərbaycan diasporunun nümayəndələri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini anmaq məqsədi ilə onun xatirə lövhəsinin vurulduğu Qaroxovaya küçəsində 6 saylı evin önündə toplanıblar.

Baş konsulluğun təşkilatçılığı ilə keçirilən anım mərasiminin iştirakçıları həmvətənlərimiz, diplomatlar və AMOR gənclər təşkilatının Sankt-Peterburqda fəaliyyət göstərən bölməsinin üzvləri görkəmli siyasət xadimi Heydər Əliyevin xatirəsini dərin ehtiramla və bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Azərbaycan xalqının Ümummilli lideri, həyat və fəaliyyətini vətənin rifahına həsr etmiş Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi islahatlardan söhbət açıb. Baş konsul bildirib ki, Heydər Əliyev dahisi Azərbaycan dövlətçiliyinin banisidir və onun bizlərə bəxş etdiyi müstəqil dövlət sarsılmazdır. Baş konsul Sultan Qasımov məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu və xalqın tərəqqisi naminə geniş miqyaslı layihələrin həyata keçirildiyini xatırlatdı. Diplomat qeyd etdi ki, bu gün sürətlə inkişaf edən dövlətimizin rəhbəri, Heydər Əliyev siyasi kursunun davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın inkişafı, müstəqilliyimizin təminatı naminə uğurlu daxili və xarici siyasət kursunu davam etdirir, ölkədə bir çox yeni və müvəffəqiyyətli islahatlar həyata keçirilir. Çıxışının davamında diplomat bildirdi ki, dahi siyasətçi, görkəmli xadim Heydər Əliyev SSRİ-də rəhbər vəzifələrdə çalışanda Azərbaycanla yanaşı bütün Sovet İttifaqının iqtisadiyyatının və mədəniyyətinin inkişafına böyük töhfə verib. Baş konsul həmçinin rusiyalıların Heydər Əliyevin siyasi xadim kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xaricdə yaşayan həmvətənlərə, o cümlədən Azərbaycanın gələcəyi olan gənclərimizin təhsilinə, ölkə mədəniyyətinin təbliğinə, iqtisadi inkişafa və digər vacib sahələrə göstərdiyi xüsusi diqqət bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.
Tədbirin yekununda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anan həmvətənlərimiz onun barelyefi önünə gül dəstələri qoydular, xatirə şəkilləri çəkdiriblər.

Arxiv üzrə axtarış