2021-11-25

Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri ilə görüşü

 Cari ilin 25 noyabr tarixində Mariinski sarayının Ağ zalında Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri ilə görüşü keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov iştirak etmişdir.

Aleksandr Belski qonaqları salamlayaraq Sankt-Peterburq parlamentinin işinin prioritetləri barədə məlumat verərək bildirmişdir: “Sentyabrda Qanunvericilik Məclisinin yeni tərkibi seçilib. Siyasi partiyaların altı fraksiyası yaradılıb – “Vahid Rusiya”, Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası, “Ədalətli Rusiya”, “Yeni İnsanlar” və “Yabloko”. Biz ən demokratik parlamentlərdən birinə sahibik, ölkənin heç bir regional parlamentində bu qədər partiya yoxdur. Yeddinci çağırış deputatların işinin əsas mesajı – açıqlıqdır. Bütün partiyalara qarşılıqlı fəaliyyət göstərmək, bərabər hüquq və imkanlara malik olmaq şəraiti yaradılıb.”

Görüşün davamında diplomatik nümayəndəliklərin rəhbərləri adından duayen qismində çıxış edən Baş konsul Sultan Qasımov səmimi qəbula görə Aleksandr Belskiyə təşəkkürünü bildirmiş, Qanunvericilik Məclisinin sədri seçilməsi münasibətilə təbrik etmişdir. Baş konsul S.Qasımov həmkarlarının xahişini nəzərə alaraq, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə diplomatik nümayəndəlik rəhbərlərinin görüşünün təşkil edilməsində köməkliyin göstərilməsini parlament sədrindən xahiş etmişdir.

Arxiv üzrə axtarış