2021-09-30

2021-ci ilin sentyabr ayının 30-da Azərbaycan Respublikasının diplomatik missiyasının inzibati binasında Baş konsul Sultan Qasımov İsveç Krallığının Sankt-Peterburqdakı yeni təyin olunmuş Baş konsulu Yan Lundin (Jan Lundin) ilə görüş keçirmişdir.

Görüş Y.Lundinin xahişi əsasında təşkil olunmuşdur.  

Görüşün əvvəlində S.Qasımov həmkarını Sankt-Peterburq şəhərinə Baş konsul vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Lundinə AR-in Rusiya ilə tarixi bağlılığı, iki tərəfli münasibətləri və mədəni əlaqələri barədə məlumat verilmişdir. S.Qasımov həmsöhbəti ilə Sankt-Peterburqda fəaliyyət göstərən incəsənət xadimləri barədə fikir mübadiləsi apararaq, sonuncunun nəzərinə sözügedən kontingent arasında çoxlu sayda milliyyətçə azərbaycanlıların olduğunu çatdırmışdır.  

Sonra İsveçin Baş konsuluna Ermənistanın 27 sentyabr 2020-ci il tarixindən  etibarən cəbhə bölgəsində vəziyyəti gərginləşdirərək, AR vətəndaşlarının əleyhinə təxribat xarakterli tədbirlər həyata keçirdikləri bildirilmişdir. Təxribatların qarşısının alınması və cəbhə bölgəsinə yaxın məskunlaşan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə, AR Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanıldığı qeyd olunmuşdur. Y.Lundinə 44 gün ərzində davam edən Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etməsi olduğu bildirilmişdir. 

İsveçin Baş konsulu mövzu ilə əlaqədar fikir bildirərək, əvvəllər ATƏT-in Tbilisidəki ofisində fəaliyyət göstərdiyini, orada Cənubi Osetiya məsələsi ilə məşğul olduğunu, bu səbəbdən ölkənin ərazi bütövlüyü mövzusunda olan həssaslığı anladığını vurğulamışdır.

Söhbətin davamında Y.Lundin Rusiyanın onun üçün yad ölkə olmadığını, 1980-ci illərdə Moskvada təhsil aldığını və daha sonra burada işlədiyini qeyd etmişdir. Həmsöhbət məhz bu səbəbdən rus dilində yaxşı səviyyədə danışdığını qeyd etmişdir. Y.Lundin İsveçin fərdi olaraq, rəsmi Moskva ilə münasibətlərini neytral saxlamağa çalışdığını, lakin, Avropa İttifaqı ilə Rusiya arasında bir çox məsələlərdə fikir ayrılığının olduğunu bildirmişdir. O, bu səbəbdən İsveçin Rusiya ilə iqtisadi, elmi-texniki və digər sahələrdə əlaqələrini inkişaf etdirmədiyini söyləmişdir.

Görüşün sonunda S.Qasımov Y.Lundinə AR ilə İsveç arasında xüsusi ilə iqtisadi sahəsində əlaqələrin inkişaf edilməsinin zəruriliyi barədə söyləmiş, sonuncu ilə tanış olmaqdan bir daha məmnunluğunu bildirərək, ona xatirə hədiyyəsini təqdim etmişdir. Öz növbəsində Y.Lundin S.Qasımovun söylədiyi fikirlərlə razılaşaraq, göstərilən diqqətə və onunla keçirilən görüşə görə təşəkkürünü bildirmişdir.        

Arxiv üzrə axtarış