Baş konsul Sultan Qasımov Norveç Krallığının Sankt-Peterburqdakı Baş konsulu ilə görüşüb.
2021-ci ilin 17 sentyabr tarixində Baş konsul Sultan Qasımov Norveç Krallığının Sankt-Peterburqdakı yeni təyin olunmuş Baş konsulu Riçard Nyuqor Skarboronu onun xahişi ilə Baş konsulluqda qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan S.Qasımov, Riçard Nyuqoru Sankt-Peterburq şəhərinə Baş konsul təyin olunması münasibətilə təbrik etmişdir.
Söhbət zamanı Sultan Qasımov, Azərbaycan ilə Norveç arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açmış, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümid etdiyini ifadə etmişdir.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi ilə bağlı məlumat verən diplomat, Azərbaycan Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirlərinin gördüyünü və uğurlu əks-hücum əməliyyatların həyata keçirdiyini, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimizin azad olunduğunu vurğulamışdır.
Qeyd edilməlidir ki, diplomat 2007-2009-cu illərdə Norveçin Azərbaycandakı səfirliyində işləmiş, Azərbaycan dilində ünsiyyət qurmağa malikdir və ölkəmiz haqqında ən xoş təəssüratlarını ifadə etmişdir.
Söhbət zamanı qonaq işğaldan azad edilmiş torpaqlarımıza səfər edərək bu əraziləri görmək arzusunda olduğunu bildirmişdir.
Sonra qarşı tərəfi maraqlandıran Azərbaycan-Rusiya münasibətləri, Baş konsulluq tərəfindən həyata keçirilmiş işlər, Sankt-Peterburqda yaşayan həmvətənlərimiz və diasporun fəaliyyətinə dair ətraflı məlumat verilmişdir. Eyni zamanda, konsulluq sahəsində qarşılıqlı maraq doğuran müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.