2020-12-28

No:484/20, Azərbaycan Respublikasının xarici işlər naziri c-b Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı

Qeyri-rəsmi tərcümə

 

Azərbaycan Respublikasının xarici işlər naziri c-b Ceyhun Bayramovun

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM

Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı

28 dekabr 2020-ci il, Videokonfrans

 

Zati-aliləri,

Hörmətli həmkarlar,

GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak dəvətimizi qəbul etdiyiniz üçün hamınıza minnətdarlığımı bildirirəm.

Azərbaycanın GUAM-da sədrliyi başa çatır. Ötən il bir çox mənada çətin il olmuşdur. İndi isə əməkdaşlığımızı qiymətləndirmək və gələcəyə baxmaq vaxtıdır.

GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır. Bizim təşkilatımızın beynəlxalq əlaqələr sistemində rolu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur.

Müsbət inkişaf təşkilatlararası əməkdaşlıq sahəsində də müşahidə edilmişdir. GUAM və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı arasında anlaşma memorandumu imzalanmışdır. Birləşmiş Millətlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşma memorandumu layihəsi demək olar ki, tamamlanmış və yaxın zamanlarda imzalanacağı gözlənilir.

Zati-aliləri,

Görüşümüz 2020-ci il ərzində müxtəlif sahələrdə qarşılıqlı əlaqələrimizin dinamikasını dəyişən COVİD-19 pandemiyasının yayılmağa davam etdiyi dövrdə baş tutur. Milli səviyyədə COVİD-19 pandemiyasına qarşı mübarizədə bizim səylərimiz əsasən pandemiyanın iqtisadi və sosial sahələrə təsirlərini nəzərə almaqla, əhaliyə qarşı mənfi təsirlərin aradan qaldırılmasına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycanın sədrlik etdiyi təşkilatların sammit görüşləri may ayında və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində keçirilmişdir. Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 Mübarizə Fonduna könüllü maliyyə yardımını (cəmi 10 milyon ABŞ dolları) təmin etmək məqsədilə 2 donor razılaşması imzalamışdır. Bu yaxınlarda biz 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a (Vaccines Global Access Facility) qoşulmuşuq. Ümid edirik ki, tezliklə təhlükəsiz və effektiv vaksinlər əldə ediləcək və qlobal səviyyədə əlçatan qiymətlərlə paylaşılması üçün ictimai məhsullar kimi nəzərdən keçiriləcəkdir.

Pandemiya, həmçinin GUAM daxilində əməkdaşlığa da mənfi təsir göstərmişdir. Azərbaycanın sədrlik proqramı tam olaraq planlaşdırıldığı şəkildə həyata keçirilə bilməmişdir. Buna baxmayaraq, il ərzində 30-dan çox tədbir baş tutmuşdur. GUAM-ın işçi qrupları və mütəxəssisləri ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün onlayn görüşlər keçirməyə davam etmişlər.

Azərbaycan regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisidir və bölgədə mehriban qonşuluq münasibətlərinin və sabitliyin möhkəmləndirilməsində, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün əlverişli şəraitin yaradılmasında çox maraqlıdır. Bunlar bizim işimiz üçün ümumi bir çərçivəni təşkil edir və Azərbaycan öz sədrliyində bu yanaşmaya əsaslanmışdır. Ümumi hədəflərə xidmət etmək üçün sədrlik prioritetləri təyin olunmuşdur. Nəticə etibarilə, ticarət, nəqliyyat və kommunikasiya kimi perspektivli sahələrdə bizim əməkdaşlığımız daha da dərinləşmişdir.

Biz əsasən Təşkilatımız üçün çox vacib layihə olan GUAM Nəqliyyat Dəhlizinin reallaşdırılmasına diqqət ayırdıq. Nəqliyyat Nazirlərinin sonuncu görüşü və birgə bəyanat bağlantının genişləndirilməsi üçün vacib addımdır. Artıq Nəqliyyat Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması üçün Avropa İttifaqı ilə işləməyə başlamışıq və Aİ-nin bu layihəni dəstəkləməyə marağını yüksək qiymətləndiririk.

GUAM-ın daha bir qabaqcıl təşəbbüsü - azad ticarət sazişi ilə bağlı danışıqlar davam edir. Layihənin bütün üzv dövlətlərin maraqlarına və gözləntilərinə uyğun şəkildə inkişaf etməsi çox vacibdir.

Biz beynəlxalq təşkilatlarla GUAM formatında səmərəli əməkdaşlıqdan və birgə fəaliyyətlərin əlaqələndirilməsindən məmnunuq. BMT Baş Assambleyasının hazırkı 75-ci sessiyası çərçivəsində "Birləşmiş Millətlər Təşkilatı ilə GUAM arasında əməkdaşlıq" qətnaməsi yekdilliklə qəbul edilmişdir. Biz eyni zamanda, BMT Baş Assambleyasının "GUAM regionunda həll olunmamış münaqişələr və bunların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri" ilə bağlı qətnamə layihəsinin təşviqi istiqamətində işimizi davam etdirməliyik.

Biz Aİ üzv dövlətlərinin GUAM üzv ölkələrinin Helsinki Yekun Aktında bəyan edildiyi kimi ərazi bütövlüyü, müstəqillik və suverenliyi daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama, beynəlxalq hüquqa öhdəliklərini təsdiqlədikləri 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlıq siyasətinə dair Aİ Şurası Nəticələrini alqışlayırıq. GUAM üzv dövlətlərinin mövzu ilə bağlı yekdil mövqeyi çox mühüm əhəmiyyət kəsb edib və ümid edirik ki, yuxarıda göstərilən məqamlar 2021-ci ilin martında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannamə layihəsində də aydın şəkildə öz əksini tapacaqdır.

Hörmətli həmkarlar,

Münaqişələr, uzun sürən xarici işğal və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhdid altına alır. Məmnuniyyətlə Şuraya bildirmək istərdim ki, Cənubi Qafqazda və ümumilikdə bütün Avropada sülh və təhlükəsizlik üçün təhdid olan, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı sona çatmışdır. Azərbaycan, 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini açıq-aşkar pozan Ermənistanın işğalı altında olan əraziləri üzərində nəzarəti bərpa etmişdir. Birləşmiş Millətlərin əsas orqanları tərəfindən qəbul edilmiş qərarların icrası beynəlxalq hüquq qaydalarının səmərəli və məsuliyyətli şəkildə həyata keçirilməsinin əsas yoludur.

Vurğulamaq istərdim ki, Azərbaycan öz suveren ərazisində hərəkət etmiş və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görmüşdür. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə etmişdir.
Hücumların miqyası və ardıcıllığı, habelə Ermənistan tərəfinin hərbi əməliyyatlardan əvvəl və onların gedişatında verdiyi bəyanatlar Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumların əvvəlcədən planlaşdırıldığını və Ermənistanın cinayətkar hərbi strategiyasının bir hissəsi kimi həyata keçirildiyini bir daha sübut etmişdir.

Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə gedərkən mədəni mülkiyyət də daxil olmaqla, bu ərazilərin nə dərəcədə dağıdıldığının bir daha şahidi olduq. Məsələn, işğala qədər on minlərlə azərbaycanlının yaşadığı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində demək olar ki, bütün bina və infrastruktur yerlə yeksan edilmişdir. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr tarixli birgə bəyanatına uyğun olaraq, Ermənistanın tərk etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarında da vəziyyət fərqli deyil. Həmin əraziləri tərk edən erməni hərbçiləri və burada məskunlaşmış şəxslər bu rayonlardan qovulmuş azərbaycanlı əhalisinə məxsus evləri, məktəbləri və digər ictimai infrastrukturu qəsdən və heç bir fərq qoymadan dağıtmışlar. Meşələr yandırılmış, ətraf mühitə bərpaolunmayan zərər vurulmuşdur. Dini abidələr talan edilmişdir. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyətə cəlb edilməlidir.

Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaratmışdır. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər.

İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və GUAM yeni reallıqlardan yararlana bilər. Bu xüsusda, Azərbaycan bölgədəki sülh və sabitliyə töhfə vermək üçün ayrı-ayrı GUAM üzv dövlətləri də daxil olmaqla tərəfdaşları ilə işləməyə hazırdır.

Azərbaycanın təklif edə biləcəyi çox şey var və artıq bütün tərəfdaşlarını müxtəlif imkanlarla təmin edir. Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu xətti,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, o cümlədən investorlar üçün əlverişli şəraitə malik olan Ələt azad iqtisadi zonası ilə bütün bölgənin tranzit tutumunu artırmağı hədəfləyən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis Lazuli nəqliyyat marşrutu, habelə Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yollarının inkişafına praktik töhfəsini davam etdirir.

İnşaat işlərinin açılışından dörd il yarım sonra Trans-Adriatik Boru Kəməri kommersiya əməliyyatlarına başlamışdır. Bu inkişaf bizə Cənub Qaz Dəhlizinin uğurlarını artırmağa imkan verir. Qaz tədarükünün coğrafiyasını genişləndirmək məqsədilə Aİ ilə yaxından işləyirik. Bu layihə enerji təhlükəsizliyini artırmaqla yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır.

Bölgə ölkələrini bir araya gətirən və ortaq firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyimiz maraq və potensialın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlığa da hazırıq.

Biz, beynəlxalq öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi ilə bağlı olan öhdəliklərə yalnız ortaq təəhhüd və tam əməl etməklə dinc, firavan və sabit gələcəyə nail ola bilərik.

Fürsətdən istifadə edərək, üzv dövlətlərə və GUAM Katibliyinə çətin anlarda səmərəli fəaliyyətlərinə görə bir daha təşəkkür etmək istərdim.

Bu gün Azərbaycan GUAM Nizamnaməsinə uyğun olaraq sədrliyi Gürcüstana təhvil verir. Bununla əlaqədar olaraq, yeni Sədrə GUAM çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səmərəli iş arzulayıram.

Yeni iliniz mübarək olsun!

Təşəkkür edirəm.

Arxiv üzrə axtarış