Sankt-Peterburqda Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.
Cari ilin 14 oktyabr tarixində Sankt-Peterburqun D.Şostakoviç adına Akademik Filarmoniyasının böyük zalında görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.
Konsertdə tanınmış müğənninin mahnı və bəstələrini Rusiyanın Əməkdar Artisti, Sankt-Peterburqun “Mariyinskiy” Teatrının solisti, opera müğənnisi Vladimir Samsonov ifa edib. V.Samsonovu dirijor Stanislav Qorkovenkonun rəhbərliyi ilə Sankt-Peterburq Qubernator Orkestri müşayiət edib. Peterburqlular tərəfindən hərarətlə qarşılanan konsertdə çoxsaylı sənətsevər iştirak edib, anşlaq yaşanıb.
Konsertdən əvvəl Baş konsul Sultan Qasımov çıxış edərək dahi Müslüm Maqomayevi xalqımızın fəxri adlandırıb, onun həm Azərbaycan, həm də Rusiya üçün dəyərli sənətkar olduğunu, müğənninin ifasında səslənən əsərlərin bir neçə nəsil tərəfindən sevilərək dinlənildiyini vurğulayıb. Baş konsul Sultan Qasımov Müslüm Maqomayevin 75 illiyinə həsr olunmuş təntənəli tədbirin Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 137-ci Assambleyasının keçirilməsinə təsadüf etdiyini və şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd edib.
Çıxışının yekununda diplomat Baş konsulluq adından Sankt-Peterburqun D.Şostakoviç adına Akademik Filarmoniyasının rəhbərliyinə, M.Maqomayevin əsərlərini ifa edən Rusiyanın Əməkdar Artisti V.Samsonova, Sankt-Peterburqun Qubernator Orkestrinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Konsert Sankt-Peterburqun D.Şostakoviç adına Akademik Filarmoniyasında təşkil edilmiş furşet ziyafəti ilə başa çatıb.