2017-01-20

Cari ilin 18 yanvar tarixində “Komsomolskaya Pravda” qəzetində 20 yanvar 1990-cı il faciəsinə həsr olunmuş məqalə dərc olunub.

20 yanvar 1990-cı il faciəsinin 27-ci ildönümü münasibəti ilə Baş konsulluq tərəfindən Rusiyanın Sankt-Peterburq şəhərinin məscidində anım mərasimi keçirilmiş və geniş oxucu kütləsinə malik “Komsomolskaya Pravda” qəzetində məqalə dərc olunmuşdur.                                                                                                                           

20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Baş konsulluğun təşkilatçılığı ilə cari ilin 18 yanvar tarixində “Komsomolskaya Pravda” qəzetində dərc olunmuş məqalədə Azərbaycan xalqının 1990-cı ildə həlak olmuş şəhidlərinin xatirəsini ehtiramla yad etdiyi qeyd olunub. Məqalədə Azərbaycan xalqının əzablı günlərində Ümummilli Lider Heydər Əliyevin ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək milli məsələlərin güc və təzyiq yolu ilə həllini qətiyyətlə qınadığı bildirilib. Ulu Öndər Heydər Əliyev doğma xalqının faciəsinə biganə qalmayaraq 20 yanvar hadisələrində həlak olmuş həmvətənlərin yaxınları ilə keçirdiyi görüşlərdə Azərbaycan xalqının şəhid verməsinə baxmayaraq öz şərəf və ləyaqətini qorumağa müvəffəq olduğunu dəfələrlə qeyd edib. Ümummilli Lider Heydər Əliyev millətin mətin iradəsinin sarsılmaz olduğunu və müstəqillik uğrunda həlak olan şəhidlərin daima xalqın yaddaşında qalacağını vurğulayıb.                                   

Məqalədə Baş konsul Sultan Qasımov qanlı yanvar hadisələrinə görə məsuliyyətin SSRİ-nin o dövrdəki rəhbəri Mixayil Qorbaçovun üzərində olduğunu vurğulayıb. Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişaf etdiyini qeyd edən Baş konsul Sultan Qasımov Azərbaycanın tolerant dövlət olduğunu, 300-ə yaxın təhsil müəssisəsində rus dilinin geniş şəkildə tədris edildiyini qeyd edib. Diplomat 2008-ci ildən etibarən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının fəaliyyət göstərdiyini, 2015-ci ildə isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin açıldığını bildirib. Baş konsul Sultan Qasımov qeyd edib ki, hazırda ölkəmiz Rusiyanın 70-dən çox subyekti ilə əməkdaşlıq edir və bu ikitərəfli münasibətlərin səviyyəsinin bariz göstəricisidir. Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda Azərbaycan diasporunun sıralarında 300 mindən artıq həmvətənimiz yaşayır. Baş konsul 2017-ci ilin yazında Sankt-Peterburqda “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın birinci iclasının keçiriləcəyi barədə məlumat verib. Diplomatın fikrincə bu iclas mehriban qonşuluq münasibətlərinin və əlverişli tərəfdaşlığın inkişafına təkan verəcəkdir.

Baş konsulluğun dəstəyi ilə “Komsomolskaya pravda” qəzetinin internet portalında 20 yanvar faciəsi ilə bağlı yayımlanmış məqalənin linkini və mətnini məlumat üçün diqqətinizə təqdim edirik http://www.spb.kp.ru/daily/26631/3650443/. “Komsomolskaya Pravda”da dərc olunmuş məqalə “AzərTac” informasiya agentliyinin “qan yaddaşı” bölməsində də yayımlanıb.

Həmçinin, 20 yanvar 2017-ci il tarixində Baş konsulluğun və Azərbaycan diasporunun təşkilatçılığı ilə Sankt-Peterburqun tarixi Petraqradskaya rayonunda yerləşən məsciddə, Baş konsul Sultan Qasımovun, Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin, azərbaycanlı tələbələrin, Baş konsulluğun diplomatlarının, Sankt-Peterburqun  müsəlman icmasının üzvlərinin və Rusiyanın Şimal-Qərb federal dairəsi müsəlmanlarının dini idarəsinin sədri, müfti Ravil-Həzrət Pançeyevin iştirakı ilə cümə namazı qılınmış, şəhidlərimizin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.

Arxiv üzrə axtarış