28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar Sankt-Peterburq şəhərində keçirilmiş rəsmi qəbul
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə 21 may 2025-ci il tarixində rəsmi qəbul keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri Maksim Poletayev, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Dmitri Kobitski, Sankt-Peterburqun və Leninqrad vilayətinin hökumət rəsmiləri və Qanunvericilik Məclisinin deputatları, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, politoloqlar, tələbələr və kursantlar, mətbuat nümayəndələri iştirak etdi.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə Azərbaycan Demokratik Respublikasının 107 il əvvəl əsasını qoyduğu dövlətçilik modelindən, ölkəmizin beynəlxalq nüfuzundan, müasir dövrdə dayanıqlı inkişaf modelindən, regionda sülh və təhlükəsizliyə verdiyi töhfədən bəhs etdilər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında siyasi, ticarət-iqtisadi, elm, təhsil, mədəniyyət sahələrində yüksək səviyyəli əlaqələrin, regionlararası əməkdaşlığın mövcud olduğu, 2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planına (“Yol Xəritəsi”) uyğun olaraq bu əlaqələrin gələcəkdə yüksələn xətlə inkişafı perspektivləri diqqətə çatdırıldı.
Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri Maksim Poletayev çıxışları zamanı Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasındakı bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan-Rusiya arasında yüksək səviyyəli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin və strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etdilər.
Bununla yanaşı, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski və Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədri Sergey Bebeninin təbrik məktubları oxunaraq qonaqların diqqətinə çatdırıldı.
Tədbir çərçivəsində YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan muğamı” konserti keçirildi.
Azərbaycanın qeyri-mədəni irs nümunəsi olaraq YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğamın təbliği və geniş auditoriyada tanıdılması məqsədilə keçirilmiş konsert proqramında Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin incəsənət nümayəndələrinin ifasında milli musiqimizin əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Tədbir zamanı Azərbaycanın milli musiqi alətlərinin, milli geyimlərinin və xalçalarının, ölkəmizin zəngin musiqi mədəniyyətindən və xalçaçılıq sənətindən bəhs edən kitabların sərgisi keçirildi, qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edildi.