20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilmiş anım tədbiri
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə 18 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilmişdir.
Tədbirdə Türkiyə Respublikasının baş konsulu Başar Başol, Azərbaycan icmasının üzvləri və Baş konsulluğun əməkdaşları iştirak etmişdir.
Baş konsul vəzifəsini icra edən Anar Yusifzadə çıxışı zamanı 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixinin həm faciəli, kədərli səhifəsinin, həm də azadlığa gedən yolda canlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə qəhrəmanlıq səhifəsinin yazıldığını bildirmişdir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəkləməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsinin Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardığı, 150-dən çox günahsız insanların həlak olması ilə nəticələndiyi diqqətə çatdırılmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu, baş vermiş faciənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdiyini, Azərbaycan xalqına qarşı edilən tarixi cinayət adlandırdığını qeyd etmişdir.
Həmçinin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ulu Öndər Heydər Əliyevin sayəsində həllini tapdığını vurğulayan A.Yusifzadə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərarın qəbul edildiyini, yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmağın tövsiyə olunduğunu və Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildiyini bildirmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə bütün şəhidlərimizin ruhunun şad olduğunu anım tədbiri iştirakçılarının diqqətinə çatdırmışdır.
Sankt-Peterburqdakı Azərbaycan icmasının üzvləri Adil Quliyev və Hümbət Əhmədov çıxışları zamanı 20 Yanvar faciəsinin Azərbaycan xalqına və insanlıq əleyhinə törədilmiş terror aktı olduğunu, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində hadisələrə ilk hüquqi qiymətin verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə daim dövlət qayğısının göstərildiyini, şəhidlərin əziz xatirəsinin hər zaman dünya azərbaycanlıları tərəfindən ehtiramla yad edildiyini qeyd etmişdir.
Tədbir çərçivəsində foto sərgi təşkil edilmiş və 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur.