Konsulluq xidmətləri
Yüksəkixtisaslı Miqrant Proqramı

Yüksəkixtisaslı Miqrant Proqramı - yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Proqram yüksəkixtisaslı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə Azərbaycana gəlmək, ölkədə yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.

Proqram iştirakçılarının müraciətlərinin qəbulu və cavablandırılması “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən istifadəyə verilmiş "Yüksəkixtisaslı Miqrant Portalı" (www.pass.gov.az) vasitəsilə həyata keçirilir. Proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçə, təhsil, iş təcrübəsi və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər.

Portal, həmçinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri (işəgötürənlər) üçün də bir sıra imkanlar yaradır. İşəgötürənlər portalda qeydiyyatdan keçməklə ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin mövcudluğu barədə sorğu edə bilərlər. Sorğuda qeyd olunan meyarlara uyğun olan və fərdi məlumatlarının işəgötürənlərlə paylaşılmasına razılıq verən əcnəbi mütəxəssislər barədə məlumatlar işəgötürənlərə təqdim edilir.

Bundan başqa, portal istifadəçiləri proqramın şərtləri və tələbləri, proqram iştirakçılarını qiymətləndirmə meyarları, Azərbaycan və digər faydalı mövzular haqqında məlumatlarla təmin olunur.

 

Yüksəkixtisaslı Miqrant Proqramı barədə əlavə və ətraflı məlumat əldə etmək üçün portala keçid edin.

 

Son yenilənmə tarixi: 27.02.2026



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti