2020-09-21

Cari ilin 16 sentyabr tarixində Sankt-Peterburq Qanunvericilik Məclisində dünya ölkələrinin COVİD-19 pandemiyası ilə mübarizəsinə həsr olunmuş “Həyat naminə çiyin-çiyinə” adlı fotosərgi təşkil edilmişdir.

Sərgi Sankt-Peterburq Qanunvericilik Məclisinin parlament-tərəfdaşları və MDB Parlamentlərarası Assambleyasının dəstəyi ilə baş tutmuşdur. Fotosərgidə pandemiya dövründə şəhərlərin həyatı, tibb işçilərinin və könüllülərin fəaliyyəti, müxtəlif region və dövlətlərin qarşılıqlı köməyi əks olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, vitse-konsul Rüfət Dadaşov, xarici dövlətlərin baş konsulları, milli parlamentlərin nümayəndələri, Sankt-Peterburqun tibb müəssisələrinin rəhbərləri və könüllülər hərəkatının üzvləri iştirak etmişlər.

Sankt-Peterburq Qanunvericilik Məclisinin Sədri Vyaçeslav Makarov giriş nitqi ilə çıxış edərək, bu mürəkkəb dövr ərzində Sankt-Peterburq şəhərinin sakinlərini öz həyatları bahasına xilas edən bütün tibb işçilərinin qarşısında baş əydiyini və dərin təşəkkürünü  bildirdi. Vyaçeslav Makarov eyni zamanda, çətin ərəfədə pandemiya ilə mübarizədə aparılmış təcrübə mübadiləsinə görə xarici dövlətlərin baş konsullarına və parlamentlərin nümayəndə heyətlərinə minnətdarlığını ifadə etdi.

Sərginin rəsmi açılış hissəsindən sonra dəvət olunmuş qonaqlar pandemiya ilə mübarizəyə dair nümayiş etdirilən fotosərgi ilə tanış oldular. Burada ölkəmizin COVİD-19 fotosərgisi nümayiş etdirilib.

Tədbirin sonunda Sankt-Peterburq Qanunvericilik Məclisinin Sədri Vyaçeslav Makarov tərəfindən tibb müəssisələrinin rəhbərlərinə və könüllülər hərəkatının üzvlərinə təşəkkürnamələr təqdim edildi.

Arxiv üzrə axtarış