2020-02-28

Sankt-Peterburqda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.

26 fevral 2020-ci ildə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən təşkil olunmuş gecəyə Rusiyanın Şimal paytaxtının ictimai və siyasi xadimləri, Sankt-Peterburqda yaşayan xalqların diaspor təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, tələbələr toplaşıblar.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Azərbaycan xalqının tarixində müdhiş faciədən danışaraq deyib: “28 il əvvəl – 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə baş verib: şəhər erməni silahlı dəstələri tərəfindən işğal edilib. Şəhərə hücum yaylım atəşi ilə başlayıb. Nəticədə 613 dinc sakin həlak olub, 487 nəfər yaralanıb, 1275 sakin əsir götürülüb, 150 xocalılı itkin düşüb. Dinc əhali xüsusi amansızlıqla məhv edilib. Bu, Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımı idi”.

Diplomat xatırladıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində müxtəlif tədbirlər keçirilir. O əlavə edib ki, kampaniya beynəlxalq ictimaiyyətin Xocalı hadisələri barədə daha geniş məlumatlandırılması məqsədi daşıyır. Konsul tarixi reallıqların düzgün işıqlandırılmasının və bu dəhşətli cinayəti törədənlərin pislənməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişev, diaspor təşkilatlarının rəhbərləri çıxış ediblər.

Arxiv üzrə axtarış