2019-12-17

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov qubernatorun Fəxri Fərmanı ilə təltif olunub

Cari ilin 12 dekabr tarixində Baş konsul Sultan Qasımov Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev ilə Smolnıy Hökumət evində görüşmüşdür. Görüşdə RF XİN-in Sankt-Peterburqdakı nümayəndəsinin müavini Vladimir Alimov və MDB ölkələri və RF regionları idarəsinin şöbə müdiri Tatyana Mudrova və vitse-konsul Rüfət Dadaşov iştirak etmişlər.

Görüş zamanı Baş konsul Sultan Qasımov Azərbaycan və rus xalqlarının dostluq münasibətlərinin tarixi köklərə dayandığını və hər iki dövlətin siyasi xəttində ikitərəfli əməkdaşlığın prioritet təşkil etdiyini bildirdi. Diplomat Azərbaycan və Rusiya arasındakı münasibətlərin daha uğurlu davamına ölkə başçıları səviyyəsində diqqətin göstərildiyini vurğuladı.

Baş konsul Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin son illər qarşılıqlı səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar nəticəsində ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini məmnunluqla qarşı tərəfin diqqətinə çatdırdı.

Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev Sankt-Peterburqla Azərbaycan arasındakı bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdıraraq, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Eyni zamanda, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin Rusiyanın bir çox regionu ilə, o cümlədən Şimal-Qərb Federal dairəsi ilə fəal şəkildə genişləndiyini məmnunluqla qeyd etdi.

Görüşün davamında Yevgeniy Qriqoryev Sankt-Peterburqla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində fəal xidmətlərinə görə Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun xüsusi Sərəncamı ilə təsis edilmiş Fəxri Fərmanını Baş konsul Sultan Qasımova təqdim etdi.

Görüşün sonunda Baş konsul qarşı tərəfə Azərbaycana dair xatirə hədiyyələrini təqdim etdi.

Arxiv üzrə axtarış