Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Sankt-Peterburqda keçirilmiş anım tədbiri
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət, müasir və müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə 10 may 2026-cı il tarixində anım tədbiri keçirilmişdir.
İlk olaraq Baş konsulluğun heyəti Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin binasının üzərindəki barelyefini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, önünə gül dəstələri düzmüşdür.
Daha sonra Baş konsulluqda keçirilən anım tədbiri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülmüş və əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Türkiyə Respublikasının baş konsulu Başar Başol, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki ali hərbi akademiyalarında təhsil alan azərbaycanlı zabitlər, Azərbaycan icmasının nümayəndələri və Baş konsulluğun əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə qonaqlara məlumat verərək, onun əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olduğunu, belə bir dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycanın xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirmişdir.
Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığı, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğu, Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyi diqqətə çatdırılmışdır.
Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Başar Başol çıxışı zamanı təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin bugün ölkə rəhbərləri tərəfindən uğurla davam etdirildiyini vurğulamış, Ümummilli Liderə ehtiramını ifadə etmişdir.
Sankt-Peterburqdakı Azərbaycan icmasının nümayəndəsi Siyavuş Əhmədalıyev görkəmli dövlət xadimi Heydər Əliyevin doğma ölkəsinin inkişafının təməlini qoyduğunu, onun Azərbaycanı regionun və dünyanın əsas iqtisadi və mədəni mərkəzinə çevirdiyini, Heydər Əliyevin Azərbaycan və Rusiya xalqlarının çoxəsrlik dostluq münasibətlərinin möhkəmləndirilməsində və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında əvəzsiz xidmətlərini, onun Sankt-Peterburq şəhərinə və burada yaşayan azərbaycanlılara göstərdiyi xüsusi isti münasibətini qeyd etmişdir.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilmiş, tədbir iştirakçılarına Azərbaycanın milli mətbəxinin nümunələrindən ibarət çay ziyafəti təqdim olunmuşdur.