Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın MDB Parlamentlərarası Assambleyasının Şura və 60-cı plenar iclaslarında iştirakı
Sankt-Peterburq şəhərində işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova 21 may 2026-cı il tarixində MDB Parlamentlərarası Assambleyasının Şura iclasında iştirak edərək müzakirə olunan mövzular ilə bağlı fikirlərini bildirmiş, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri olan MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyəti və müşahidə missiyaları barədə çıxış etmiş, Qırğız Respublikasının Jokorqu Keneşinə növbədənkənar seçkilərin və Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbulu üzrə referendumun Azərbaycan Respublikasının Milli Məclisinin deputatları tərəfindən monitorinqinin nəticələri ilə bağlı fikirlərini bölüşmüşdür.
22 may 2026-cı il tarixində MDB Parlamentlərarası Assambleyasının 60-cı plenar iclasında iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova çıxış zamanı Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulamışdır.
Həmçinin spiker Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclasının cari ilin 16-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcəyini iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Çıxışı zamanı 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə tədbir iştirakçılarına məlumat verən xanım Sahibə Qafarova, ölkəmizin ev sahibliyində keçirilən və şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş adıçəkilən beynəlxalq tədbirin BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı sessiya olduğunu qeyd etmişdir.
Daha sonra iclas zamanı gündəlikdəki məsələlər müzakirə olunaraq qəbul edilmiş, ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və digər təşkilati məsələlər nəzərdən keçirilmişdir.
Bununla yanaşı, 60-cı plenar iclas çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşü keçirilmişdir.
Görüşdə ölkələrimizin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələrinin bütün istiqamətlər üzrə, o cümlədən parlamentlərarası əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanmışdır.
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri 22 may 2026-cı il tarixində başa çatmışdır.
“Pulkovo” beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və Sankt-Peterburq hökumətinin nümayəndələri yola salmışdır