2024-12-20

Sankt-Peterburqda “Azərbaycan muğamı” adlı gecə təşkil olunub

17 dekabr 2024-cü il tarixində Sankt-Peterburq hökumətinin, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun və Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq Dövlət Akademik Kapellasında Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin incəsənət nümayəndələrinin ifasında Azərbaycan muğam konserti keçirildi.

 

Tədbirdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Xarici İşlər Nazirliklərinin rəsmiləri, Sankt-Peterburq hökumətinin üzvləri, Sankt-Peterburq şəhərindəki diplomatik korpusun nümayəndələri, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini Aydın Cəfərov, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı kursantlar, doktorantlar və tələbələr iştirak etdi.

 

Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkil olunmasında göstərdiyi dəstəyə görə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlova və Sankt-Peterburq hökumətinə təşəkkürünü bildirdi, əsrlər boyu xalqımızın ruhunu və yaradıcılıq gücünü əks etdirən unikal bir sənət növü olan muğamın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini qeyd etdi.

 

Muğamın təkcə Azərbaycan incəsənətinin deyil, ümumilikdə bəşəriyyətin musiqi xəzinəsinin incisi olduğunu, bu cür tədbirlərin Azərbaycan ilə Rusiya arasında, o cümlədən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını, xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasına və gələcək əməkdaşlıqların inkişafına töhfə verəcəyini Anar Yusifzadə çıxışı zamanı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

 

Konsert proqramı zamanı “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Sarı bülbül” xalq mahnıları, “Şuşanın dağları başı dumanlı”, “Azərbaycan oğluyam”, “Qarabağ”, “Yaşa, mənim xalqım” və Azərbaycan musiqi sənətinə aid bir sıra mahnılar incəsənət nümayəndələrimiz tərəfindən ifa edildi.

 

Həmçinin Beynəlxalq Muğam Mərkəzinin incəsənət nümayəndələri Rusiya Federasiyasında Azərbaycan mədəniyyətinin təbliğində göstərdikləri xüsusi xidmətlərə görə Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəxri diplomu ilə təltif olundu.

 

Tədbir  çərçivəsində Sankt-Peterburq Dövlət Akademik Kapellasının qalereyasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin mədəni-tarixi abidələrinə həsr olunmuş “Əziz Şuşa” foto sərgisi keçirildi, Azərbaycan milli musiqi alətləri və xalçaları nümayiş olundu, Azərbaycan milli mətbəxinin nümunələri təqdim edildi.

Arxiv üzrə axtarış