2024-01-29

Sankt-Peterburqda Piskaryov Memorial məzarlığında Leninqradın blokadadan azad olunmasının 80 illiyinə həsr olunmuş tədbirlər

27 yanvar tarixində Sankt-Peterburq hökumətinin təşkilatı dəstəyi ilə Piskaryov Memorial məzarlığında Böyük Vətən Müharibəsində Leninqradın blokadadan tamamı ilə azad olunmasının 80-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva və ümumrusiya Patriarxı Kiril, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və RF Prezidentinin Şimal-Qərb federal dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan, RF Konstitusiya məhkəməsinin nümayəndələri, Sankt-Peterburq Qanunverici Məclisinin sədri Aleksandr Belskiy, MDB Parlamentlərarası Assambleyasının sədri Dmitriy Kobitskiy və assambleyanın üzvləri, Sankt-Peterburq və Leninqrad vilayəti hökumətinin nümayəndələri, və deputatları, burada akkreditə olunan diplomatik korpusun rəhbərləri və diplomatları, “Blokadalı Leninqradın sakinləri”  ictimai təşkilatın, İkinci Dünya Müharibəsi veteranları şurasının nümayəndələri, blokada şahidləri, xarici ölkələrin Sankt-Peterburqdakı Baş konsulluqlarının rəhbərləri və diplomatları, ictimaiyyətin nümayəndələri, kütləvi informasiya vasitələri, ali hərbi məktəblərin kursantları iştirak ediblər. Ölkəmizi tədbirdə Baş konsul Sultan Qasımov və diplomatlar təmsil etmişdir.

Tədbir iştirakçıları Leninqradın blokadadan azad olunmasının 80 illiyi şərəfinə “Ana vətən” abidəsi qarşısına gül çələngləri qoydular.

Sankt-Peterburq hökumətinin təşkilatçılığı ilə keçirilmiş anım mərasimində iştirak edən Baş konsul Sultan Qasımov blokadada və Leninqrad uğrunda aparılan döyüşlər zamanı həlak olanların xatirəsini ehtiramla anıb. Diplomat Piskaryov Memorial məzarlığındakı “Ana Vətən” abidəsi qarşısına Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu adından gül çələngi qoyub. 27 yanvar 2024-ci il tarixində Piskaryov məzarlığında keçirilən tədbir çərçivəsində Baş konsul Sultan Qasımov və diplomatlarımız azərbaycanlı zabit və əsgərlərin xatirə lövhəsinin önünə gül dəstələri qoyublar, onların əziz xatirəsini yad ediblər.

Böyük Vətən Müharibəsində Leninqradın blokadadan tamamı ilə azad olunmasının 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə Sankt-Peterburqda “Qazprom  Arena” idman stadionunda Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin iştirakı ilə konsert təşkil edilmişdir. Tədbirdə fəxri qonaq qismində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak etmişdir. Konsertdə Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış ediblər.        

Məlum olduğu kimi Leninqradın 1941-ci il sentyabrın 8-dən başlanmış blokadası 900 gün davam edib və 1943-cü il yanvarın 18-də yarılıb. Lakin mühasirəyə tamamilə son qoyulması 1944-cü il yanvarın 27-nə təsadüf edir. Bu il blokada qurbanlarının xatirəsini anmaq üçün 40 minə yaxın insan Sankt-Peterburqdakı Piskaryov qəbiristanlığını ziyarət edib.

Arxiv üzrə axtarış