2023-05-13

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Baş konsulluq Sankt-Peterburqda təntənəli tədbir keçirib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin görkəmli dövlət xadimi “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun təşkilati dəstəyi və iştirakı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və təntənəli tədbirlər təşkil olunmuş, Ümummilli Liderin həyat və fəaliyyəti Sankt-Peterburqun kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.                                                     

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə cari ilin 20 aprel tarixində Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət İqtisad Universiteti (SPİDU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  birgə təşkilatçılığı və Baş konsulluğun iştirakı ilə Sankt-Peterburq şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” başlıqlı beynəlxalq konfrans keçirilmişdir.

Cari ilin 10 may tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə diaspor nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diplomatlar Ulu Öndərin Qoroxovaya küçəsindəki barelyefi qarşısında onun əziz xatirəsini yad ediblər. Tədbir iştirakçıları Ümummilli Liderin barelyefi qarşısına gül dəstələri düzüb, xatirə fotoları çəkdirib, dahi şəxsiyyətlə bağlı xoş xatirələrini bölüşüblər. Baş konsulluq adından barelyef önünə gül çələngi qoyulub.                                                                                                            

Həmçinin tədbir çərçivəsində Ümummilli Liderin doğum günü 10 may tarixində Baş konsulluğun dəstəyi ilə “Sankt-Peterburq” dövlət televiziya kanalında yayımlanmış və Ulu Öndərin siyasi fəaliyyəti ilə yanaşı Azərbaycanda  və SSRİ-də mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi xüsusi diqqət mövzusunda “Истинный ценитель культуры» sənədli film nümayiş etdirilmişdir.                                                                                                                                

“Heydər Əliyev İli” çərçivəsində Baş konsulluq tərəfindən Ümummilli Liderə həsr olunmuş növbəti təntənəli tədbir 12 may tarixində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə Astoriya otelinin böyük zalında keçirilib. Tədbirdə fəxri qonaq qismində Sankt-Peterburq hökumətinin nümayəndələri, Qubernatorun müavini Oleq Erqaşev, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin birinci müavini Nikolay Bondarenko, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitriy Kobitskiy və ölkəmizin qurumdakı nümayəndəsi Aydın Cəfərov, Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Sergey Markov və komitə rəsmiləri, Türkiyə, Çin Xalq Respublikası, İsrail, Yaponiya, Koreya, Özbəkistan, Qazaxıstan, Tacıkistan, Pakistan, Fici və Sankt-Peterburqda akkreditə olunmuş digər ölkələrin Baş və fəxri konsulları, “Sankt-Peterburq” dövlət televiziya kanalının rəhbəri, siyasi xadim və jurnalist Aleksandr Malkeviç və digər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimai xadimlər, elm və təhsil müəssisələrinin professorları, Sankt-Peterburqun aparıcı teatrlarının solistləri, Azərbaycanın  Əməkdar artistləri və Baş konsulluğun diplomatları  iştirak ediblər.                                                                                            

Tədbirdə həmçinin Sankt-Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunda iştirak etmək məqsədi ilə burada səfərdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyətinin üzvləri iştirak ediblər.                                                                                            

Baş konsulluğun təşkilatçılığı ilə keçirilmiş tədbirdə Ulu Öndərin Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə, o cümlədən mədəni əməkdaşlıqda müstəsna roluna xüsusi diqqət yetirilib. Baş konsul Sultan Qasımov çıxışında Azərbaycanın dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, Ulu Öndərin SSRİ dövründə rəhbər vəzifələrdə çalışaraq təkcə Azərbaycanın deyil, bütün Sovetlər birliyi iqtisadiyyatının və mədəniyyətinin inkişafında müstəsna rol oynadığını, strateji və iqtisadi cəhətdən vacib layihələrin məhz Heydər Əliyevə həvalə edilərək onun sayəsində uğurla həyata keçirildiyini vurğulayıb.

Sankt-Peterburqun vitse-qubernatoru Oleq Erqaşev xatırladıb ki, Heydər Əliyev Sankt-Peterburqda təhsil alıb, bu şəhər, eləcə də Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Vitse-qubernator Oleq Erqaşev Heydər Əliyev siyasətinin Azərbaycanı Qafqazın mirvarisinə çevirdiyini, ölkəmizin hazırda Rusiyanın aparıcı tərəfdaşı olduğunu vurğulayıb. Cənab Oleq Erqaşev Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun adından Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təbrik məktubunu oxudu, ölkəmizə və xalqımıza müvəffəqiyyətlər arzu etdi.                                                                                                          

Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin birinci müavini Nikolay Bondarenko Heydər Əliyevin xatirəsinin Sankt-Peterburqda da ehtiramla yad edildiyini xatırladıb. O vurğulayıb ki, Heydər Əliyev həm Azərbaycan, həm də keçmiş SSRİ respublikaları üçün çox mühüm işlər görüb. Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov və başqaları Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan həmvətənlərimizə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqətlə yanaşdığını dilə gətirib, Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini vurğulayıblar.                                                                                                                       

Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov azərbaycanlıların Heydər Əliyev kimi liderlə hər zaman fəxr etdiklərini bildirib. Çıxışların yekununda Baş konsul Sultan Qasımov fəxri qonaqlara Heydər Əliyevlə bağlı bölüşdükləri xatirələrə və xalqımıza ünvanlanan xoş arzulara görə minnətdarlığını bildirib.                                                     

Rəsmi hissənin davamında qonaqlara Heydər Əliyevin 2002-ci ildə Sankt-Peterburqa baş tutmuş səfəri haqqında və Baş konsulluğun “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən layihələrə dair slaydlardan ibarət hazırlanmış prezentasiya nümayiş etdirildi. Həmçinin tədbir çərçivəsində Ümummilli Liderin doğum günü 10 may tarixində Baş konsulluğun dəstəyi ilə “Sankt-Peterburq” dövlət televiziya kanalında yayımlanmış və Ulu Öndərin siyasi fəaliyyəti ilə yanaşı Azərbaycanda  və SSRİ-də mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi xüsusi diqqət mövzusunda “Истинный ценитель культуры» sənədli film nümayiş etdirilmişdir.              

Sənədli filmin nümayişindən sonra Sankt-Peterburqun aparıcı teatrlarının solistləri, həmvətənlərimiz, 2018-ci ilin may ayında Baş konsulluğun təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Əməkdar artistlər fəxri adı ilə təltif olunmuş 4 solistimizin ifasında konsert proqramı təqdim olundu. Konsertdə həmvətənlərimiz - Azərbaycan Respublikasının Əməkdar artistləri Sankt-Peterburqun “Mariinski” teatrının solistləri Regina Rüstəmova və Həmid Abdulov, David Qoloşyokin adına “Jazz” filarmoniyasının solisti Həsən Bağırov və gənc istedadlar Nəriman Məmmədov və Dmitriy Kərimovun ifasında tanınmış Azərbaycan və dünya şöhrətli opera bəstəkarlarının repertuarından əsərlər səslənib. Tədbirdə həmçinin Əməkdar artistlərimiz “Mariinski” teatrının balet truppasının premyeri Timur Əsgərov və Moskvanın Gelikon operasının solisti, Əməkdar artistimiz Elnarə Məmmədova iştirak ediblər.                                                                    

Yekunda tədbir iştirakçıları üçün Baş konsulluq adından ziyafət təşkil olunmuşdur. Ziyafətdən sonra qonaqlara ölkəmizin əldə etdiyi nailiyyətlər, dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işləri, uğurlu islahatları, o cümlədən mədəni incilərimiz barədə maraqlı məqalələrlə zəngin “Bakı jurnalı”nın son buraxılışları hədiyyə edildi.                                                                                                                            

Arxiv üzrə axtarış