2023-05-11

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Mayın 10-da görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə diaspor nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diplomatlar Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə Ulu Öndərin Qoroxova küçəsindəki barelyefi qarşısına toplaşıblar.

Tədbir iştirakçıları Ümummilli Liderin barelyefi qarşısına gül dəstələri düzüb, xatirə fotoları çəkdirib, dahi şəxsiyyətlə bağlı xoş xatirələrini bölüşüblər.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açıb, dahi şəxsiyyətin müasir Azərbaycan dövlətinin yaranması, ölkəmizin dünya arenasında nüfuzunun möhkəmlənməsi, iqtisadi və siyasi cəhətdən güclü dövlət kimi formalaşmasında Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb.

Baş konsul qeyd edib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə nəhəng bir ölkənin ən mürəkkəb sahələrinə kuratorluq Heydər Əliyevə tapşırılmışdı. Həmin dövrlərdə SSRİ-nin böyük infrastruktur layihələrinin icrası məhz Heydər Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilmişdir.

“Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə mövqelərini möhkəmlədib və müstəqilliyimiz əbədiləşib. Heydər Əliyev xaricdə Azərbaycan diasporunun birləşməsinə, eləcə də Azərbaycan-Rusiya strateji münasibətlərinin inkişafına xüsusi önəm verib. Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin yolunu layiqincə davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi üçün böyük işlər görülür, xalqımızın rifahı naminə irimiqyaslı layihələr həyata keçirilir”, - deyə baş konsul bildirib.

Arxiv üzrə axtarış