2022-11-19

Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetinin 95-ci ildönümü qeyd olunub

18 noyabr tarixində Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində Rusiyanın humanitar sahədə ən böyük innovasiya mərkəzlərindən birinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş Elmi Şuranın iclası keçirilib. Elmi Şuranın iclası və dövlət mükafatlarının təqdimatı Tavriya sarayında baş tutub.

Qeyd edilməlidir ki, hazırda universitetdə səkkiz minə yaxın tələbə təhsil alır. Universitet hər il mədəniyyət, incəsənət və informasiya texnologiyaları sahəsində perspektivli mütəxəssislər hazırlayır. Humanitar Universitetinin yubileyinə Sankt-Peterburqun hökumət nümayəndələri, Komitə rəhbərləri, alimlər, xalq artistləri, incəsənət xadimləri dəvət olunmuşlar. Sankt-Peterburq Dövlət Humanitar Universitetinin rektoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi Aleksandr Zapesotskinin dəvəti ilə Baş konsul Sultan Qasımov fəxri qonaq qismində tədbirdə iştirak etmişdir.                                  

Tədbir zamanı universitetin 95 illik yubileyi münasibətilə Vyaçeslav Volodin, Tatyana Qolikova, Aleksandr Beqlov, Sergey Boyarski, Yelena Drapeko və digər rəsmi şəxslərin təbrik məktubları oxundu.

Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov Baş konsulluğun Sankt-Peterburq Dövlət Humanitar Universiteti ilə sıx və səmərəli əməkdaşlıq etdiyini bildirib. Sankt-Peterburqun aparıcı təhsil müəssisələrindən olan Universitetin elm və mədəniyyət sahəsində həyata keçirdiyi geniş miqyaslı layihələrinin gənclərin tərbiyəsində, onların gələcəyin peşəkar mütəxəssisləri kimi yetişdirilməsində böyük rol oynadığını qeyd edib.

Aleksandr Zapesotskinin yüksək xidmətləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin səviyyəsində qeyd olunub. Humanitar Universitetin Elmi Şurasının 95 illik yubileyi münasibətilə keçirilən təntənəli iclasında təhsil ocağının rektoruna Rusiya Federasiyasının dövlət mükafatı - “Şərəf” ordeni təqdim edilib.

Tədbirdən sonra qonaqlar üçün konsert proqramı və  ziyafət təşkil edilib.

Arxiv üzrə axtarış