2022-09-28

Sankt-Peterburqda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil olunub

27 sentyabr tarixində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunda Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Baş konsulluğun inzibati binasında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını vermiş və şəhidlik zirvəsinə ucalmış hərbiçilərimizi, düşmən tərəfindən raket zərbələrinə məruz qalmış dinc əhalini, şəhər və qəsəbələrimizdəki dağıntıları əks etdirən guşə yaradılmışdır. Tədbirdə Baş konsul Sultan Qasımov və diplomatlarımız, Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov və diaspor fəalları, ziyalılar, burada təhsil alan tələbələrimiz iştirak etmiş, Anım Gününə həsr olunmuş xatirə guşəsinə gül dəstələri düzüb, onları ehtiramla yad ediblər. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Tədbirdə çıxış edən S.Qasımov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, sentyabrın 27-sinin Anım Günü kimi qeyd edildiyini, bu gün İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin yad edildiyini diqqətə çatdırıb. Vətən müharibəsinin ölkəmiz və xalqımız üçün kəsb etdiyi mahiyyətdən danışıb. Baş konsul qeyd edib ki, Milli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın növbəti hərbi təcavüzünün qarşısı alınmış və mülki əhalinin təhlükəsizliyi təmin edilmişdir. Azərbaycan əks əməliyyatı özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət edilərək həyata keçirib. Diplomat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qazandığı Qələbə Azərbaycan Respublikasının tarixində yeni səhifə açdı, dünya səviyyəsində reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Azərbaycan ordusunun və xalqımızın şanlı zəfəri ilə nəticələnən Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoydu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. 

Tədbirin davamında çıxış edən “Azərbaycan milli-mədəni muxtariyyəti”nin rəhbəri Vaqif Məmişov 44 gün davam edən Vətən müharibəsində Rusiyada və o cümlədən bütün dünyada yaşayan həmvətənlərimizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Milli ordumuza dəstək verdiyini və xalqımızla həmrəy olduğunu vurğuladı. Diaspor sədri bildirdi ki, Sankt-Peterburqda və Rusiyada yaşayan soydaşlarımız müharibədə döyüşən hərbiçilərimizə, zərər çəkmiş mülki şəxslərə daima kömək göstərməyə hazır olublar və münaqişə dövründə Rusiyada yaşayan bir çox soydaşımızın könüllü olaraq orduya yazılmaq istəyini bildiriblər. Diaspor rəhbəri eyni zamanda qeyd etdi ki, harada yaşamağından asılı olmayaraq, hər bir Azərbaycanlı vətəninin, dövlət başçısının və xalqının yanındadır.

Arxiv üzrə axtarış