2022-04-30

Sankt-Peterburqda Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü qeyd olunub

29 aprel 2022-ci il tarixində MDB Parlamentlərarası Assambleyası Şurasının baş qərargahının yerləşdiyi “Tavriya” sarayında Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğun təşkilatçılığı ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Dmitri Kobitski, Sankt-Peterburq hökumətinin üzvü - millətlərarası münasibətlər və miqrasiya siyasəti komitəsinin sədri Oleq Kapitanov, Türkiyə, İsrail, Çin, Belarus və Tacikistanın Baş konsulları və diplomatları, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ali məktəblərin rektorları və professor-müəllim heyəti, Azərbaycan diasporunun rəhbərləri və fəalları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Sankt-Peterburq bölməsinin üzvləri və Baş konsulluğun diplomatları iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri səsləndirilib. Baş konsul Sultan Qasımov qonaqları salamlayaraq, iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci il aprelin 4-dı qurulmasına baxmayaraq, ikitərəfli əlaqələrin tarixinin daha qədim olduğunu qeyd edib.

Baş konsul iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında və qorunmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Diplomat bildirib ki, dövlət başçıları arasında qarşılıqlı etimad əsasında qurulmuş siyasi dialoq sayəsində bu gün müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil kimi əhəmiyyətli sahələrdə Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlıq inkişaf etməkdədir.

Baş konsul diqqətə çatdırıb ki, 2022-ci il fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ olmaqla bərabər, regional təhlükəsizlik üçün müsbət əhəmiyyət kəsb edəcəkdir.

Əlaqələrin genişləndirilməsində Azərbaycan və Rusiya dövlət başçılarının, parlament rəhbərlərinin görüşlərinin əhəmiyyətli rol oynadığı da vurğulanıb. S.Qasımov mədəniyyət sahəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulayaraq, Bakıda və Sankt-Peterburqda keçirilən tədbirlərin ikitərəfli münasibətlərin genişləndirilməsində vacib rol oynadığını qeyd edib.

MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Dmitri Kobitski tədbir iştirakçılarını Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib, ölkələrimiz arasında mövcud sıx əlaqələrin, parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində mühüm yer tutduğunu, bu sahədə əlaqələrimizin dərinləşməsinin digər sahələrə də öz müsbət təsirini göstərdiyi bildirib.

Tədbirdə çıxış edən Sankt-Peterburq hökumətinin üzvü - millətlərarası münasibətlər və miqrasiya siyasəti komitənin sədri Oleq Kapitanov mərasim iştirakçılarını əlamətdar hadisə ilə təbrik edib, Azərbaycan diasporunun şəhər administrasiyası tərəfindən keçirilən müxtəlif, o cümlədən sosial layihələrdə daim iştirak etdiyini bildirib. O, Azərbaycan icmasının Sankt-Peterburqda yaşayan çoxsaylı xalqlar arasında nümunəvi icma olduğunu bildirib.

Tədbirin davamında həmvətənlərimiz - Azərbaycan Respublikasının Əməkdar artistləri Sankt-Peterburqun “Mariinski” teatrının solistləri Regina Rüstəmova və Həmid Abdulov, David Qoloşyokin adına “Jazz” filarmoniyasının solisti Həsən Bağırov və Moskvanın Gelikon operasının solisti Elnarə Məmmədovanın ifasında tanınmış bəstəkarların repertuarından əsərlər səslənib.

Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda qonaqlara Baş konsuluq adından ziyafət verilib.

Arxiv üzrə axtarış