2021-11-11

"Smolniy" Administrasiya binasında keçirilmiş görüşə dair

11 noyabr 2021-ci il tarixində Sankt-Peterburq hökumətinin “Smolnıy” Administrasiya binasında Xarici Əlaqələr komitəsinin təşkilatçılığı ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə miqrasiya Baş idarəsinin nümayəndələri və Sankt-Peterburqda akkreditə olunmuş MDB ölkələrinin diplomatik korpusunun nümayəndələri arasında görüş baş tutmuşdur.

Görüşün əsas məqsədini Sankt-Peterburqda akkreditə olunmuş MDB ölkələrinin diplomatları ilə Rusiya Federasiyasının hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsi təşkil edirdi. Əməkdaşlıq çərçivəsində müzakirə edilən məsələlər sırasında miqrantlar tərəfindən törədilə biləcək qanun pozuntularının operativ olaraq qarşısının alınması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi, Sankt-Peterburq və Leninqrad vilayəti üzrə əcnəbilərin müvəqqəti saxlanılma mərkəzlərində olan vətəndaşların vaxtında öz ölkələrinə göndərilməsinin təmin edilməsi kimi vacib məsələlər müzakirə edilmişdir.

Görüş zamanı RF XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbərinin müavini Çernışev Sergey İqoroviç qonaqları səmimi salamlayaraq, bu görüşün ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Görüş zamanı Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun duayeni qismində söz Baş konsul Sultan Qasımova verildi. Diplomat mühüm əhəmiyyət kəsb edən tədbirin təşkilinə görə Sankt-Peterburq hökumətinə təşəkkürünü bildirdi. Çıxışının davamında Baş konsul Sultan Qasımov iştirakçılara Azərbaycanla Rusiya arasında bir çox sahələrdə qurulmuş əlaqələr, humanitar, mədəniyyət, iqtisadiyyat və strateji tərəfdaşlığın səmərəli inkişafı barədə danışıb. Diplomat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Azərbaycanla Rusiya arasındakı çoxşaxəli əməkdaşlıq regionlararası səviyyədə də davam edir. Baş konsul Rusiyada işlədiyi dövr ərzində bu ölkəyə hörmət bəslədiyini, Rusiya tərəfindən də Azərbaycana isti münasibət gördüyünü bildirib. Həmçinin diplomat qeyd edib ki, Rusiyanın Şimal-Qərb Federal dairəsində yaşayan həmvətənlərimizin həyat və fəaliyyəti, problemləri Baş konsulluğun diqqət mərkəzində saxlanılır. Baş konsul bildirdi ki, həmvətənlərimiz ilə bağlı xoşagəlməz hallırın vaxtında qarşısının alınması Baş konsulluğun marağındadır və bu məqsədlə səlahiyyətləri çərçivəsində Rusiya Federasiyası hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdı.

Görüşün davamında Özbəkistanın Baş konsulu Babayev Alişer Mamajonoviç çıxış edərək miqrantlarının qarşılaşdıqları problemləri və onun həlli yolları kimi məsələləri müzakirə etdilər.

Görüşün yekununda Sankt-Peterburqda akkreditə olunmuş MDB ölkələrinin diplomatik korpusunun nümayəndələri səmimi qəbula görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər.

Arxiv üzrə axtarış