2021-05-28

Cari ilin 27 may tarixində Baş konsulluğun təşkilatçılığı ilə Sankt-Peterburqda 28 May – Respublika gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı İltimas Yusifov, Türkiyə Respublikası Parlamentinin deputatı Rəcəb Şəkər, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin birinci müavini Sergey Solovyov, Leninqrad vilayəti hökuməti sədrinin birinci müavini Sergey Xarlaşkin, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov və Sankt-Peterburq hökumətinin Xarici əlaqələr Komitəsinin sədri v.i.e. Sergey Markov, Sankt-Peterburq Qanunvericilik Məclisinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Nərgiz Əhədova, Sankt-Peterburqda akkreditə olunan Baş konsulluqların rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburq Universitetlərinin rektorları və professor heyəti, Azərbaycan diasporunun rəhbərləri və fəalları, AMOR gənclər təşkilatının Sankt-Peterburqdakı bölməsinin üzvləri və Baş konsulluğun diplomatları iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib. Baş konsul Sultan Qasımov qonaqları salamlayaraq, dövlət bayramı münasibəti ilə keçirilən tədbirə gəldiklərinə görə qonaqlara təşəkkürünü bildirib. Baş konsul Azərbaycanın Cənubi Qafqazda 10 milyon əhalisi olan ən böyük dövlət olduğunu və regionun 70 faiz iqtisadiyyatının məhz Azərbaycanda formalaşdığını diqqətə çatdırıb. Diplomat bildirib ki, regionu dünya ilə əlaqələndirən ən vacib strateji nəqliyyat qovşaqları Azərbaycandan keçir və ölkəmiz genişmiqyaslı iqtisadi layihələrdə fəal iştirak edir. O həmçinin bildirib ki, Azərbaycan dini tolerantlığa və multikulturalizmə böyük əhəmiyyət verən ölkədir, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır və ölkənin 300-dən artıq orta məktəblərində rus sektorları fəaliyyət göstərir və rus dilində tədris həyata keçirilir.      

Baş konsul 28 may tarixində Azərbaycanda dövlət bayramı, Respublika gününün qeyd olunduğunu xatırladaraq ölkəmizin tarixi və inkişafı barədə danışıb. Baş konsul tarixə nəzər salaraq qeyd edib ki, ölkəmiz 1918-ci ildə müsəlman şərqində ilk demokratik dövlət - Azərbaycan Demokratik Respublikasının sələfidir. Təəssüf ki, bu dövlət yalnız 1920-ci ilə qədər ömür sürüb.

Baş konsul Azərbaycan dövlətçiliyinin əsasının dahi siyasətçi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəsinin və xalqının tərəqqisinə həsr edib. Ölkə müstəqilliyinin əsas tarixi səhifələri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında 1969-cu ildə Azərbaycan hərtərəfli inkişaf kursunu götürüb. İqtisadiyyat, mədəniyyət və elmin bir çox sahələrində uğurlar əldə edilib. 

Sultan Qasımov qeyd etmişdir ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq, deyə Baş konsul vurğulamışdır.

Tədbirin davamında Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Sankt-Peterburq Qanunvericilik Məclisi sədri Vyaçeslav Makarovun adından 28 May – Respublika Günü münasibətilə ünvanlanmış təbrik məktubları oxunularaq Baş konsul Sultan Qasımova təqdim edildi.  

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Azərbaycanın Əməkdar artisti, “Mariinski” teatrının solistləri Regina Rüstəmovanın, Nəriman Əliyevin, Həmid Abdulovun və Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələrinin ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər. Tədbirin davamında qonaqlara Baş konsuluq adından ziyafət verildi.

Tədbir “Azərtac” informasiya agentliyi tərəfindən işıqlandırılıb.

https://azertag.az/xeber/Sankt_Peterburqda_28_May___Respublika_gunune_hesr_olunmus_tenteneli_tedbir_kechirilib-1793357

Arxiv üzrə axtarış