2021-05-11

Cari ilin 10 may tarixində Baş konsulluğun diplomatları, Azərbaycan diasporunun nümayəndələri, AMOR gənclər təşkilatının fəalları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin andan olmasının 98 illiyini qeyd ediblər.

Baş konsulluğun təşkilatçılığı ilə dahi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefi qarşısına toplaşan həmvətənlərimiz Ulu Öndərin əziz xatirəsini yad ediblər. 

1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbi bu binada yerləşirdi.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Ümummilli Lider Heydə Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq, dahi öndərin ömür yolunu sevdiyi xalqına həsr etdiyini vurğulayıb. Diplomat bildirib ki, Heydər Əliyev daima Azərbaycan dövlətini və xalqını düşünüb, ölkəmizin tərəqqisi naminə taleyüklü qərarlar verib. Baş konsul Sultan Qasımov xüsusi ilə qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz çiçəklənib və inkişaf edib. Ümummilli Lider müstəqil Azərbaycanın banisidir, məhz onun siyasi müdrikliyi nəticəsində müasir dövlətçiliyin möhkəm əsaslarının qoyulub. Baş konsul Sultan Qasımov qeyd edib ki, dahi siyasətçi, görkəmli xadim Heydər Əliyevi Rusiyada və dünyada yaxşı tanıyırlar.

Baş konsul qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına,  xüsusi diqqət yetirib və bu gün Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikitərəfli münasibətləri, əməkdaşlığı yeni müstəviyə ucaldıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diasporumuza göstərdiyi xüsusi diqqət və qayğının bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər.

Tədbir iştirakçıları Ümumilli Liderin barelyefi qarşısına gül dəstələri düzüblər, xatirə fotoşəkilləri çəkdiriblər, onunla bağlı xoş xatirələri ilə bölüşüblər.


    

Arxiv üzrə axtarış