14 dekabr 2018-ci il tarixində Sankt-Peterburq hökuməti tərəfindən diplomatik korpus üçün yeni il münasibəti ilə təntənəli tədbir keçirilib.
Sankt-Peterburqun Mixaylovskiy sarayında keçirilmiş tədbirdə Sankt-Peterburqun qubernator vəzifəsini icra edən Aleksandr Beqlov, Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev, RF XİN-in Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov, Baş konsul Sultan Qasımov, xarici ölkələrin Sankt-Peterburqda fəaliyyət göstərən 75 diplomatik missiyalarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri iştiraketmişdilər.
Tədbirdə çıxış edən Sankt-Peterburqun qubernatoru v.i.e Aleksandr Beqlov qonaqları salamlayaraq qarşıdan gələn yeni il münasibəti ilə təbrik etdi. Cənab A.Beqlov diplomat peşəsinin çətin və məsuliyyatli olduğunu, bu sahədə işləyən şəxslərin yüksək şəxsi keyfiyyətlərə malik olduqlarını qeyd edib. Sankt-Peterburq hökumətinin başçısı xarici tərəfdaşlara göstərdikləri konstruktiv əməkdaşlığa və səmimi dostluğa görə təşəkkürünü bildirib. Cənab A.Beqlov çıxışının yekununda tədbir iştirakçılarını bir daha yeni il münasibəti ilə təbrik etdi, diplomatlara şərəfli fəaliyyətlərində uğurlar diləyib. Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik etdi və 2019-cu ildə Sankt-Peterburqla xarici dövlətlər arasında regional əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. V.Makarov diplomatiyanın sülh rəmzi olduğunu vurğulayıb və tədbirdə Rusiyanı, rus mədəniyyətini qiymətləndirən və sevən şəxslərin yığışdığını bildirib. O, Rusiya Federasiyasında çox sayda müxtəlif millətlərin dostluq və mehribançılıq şəraitində yaşadığına diqqət yetirdi və 2019-cu ildə bütün dünya xalqlarına dünyada sülh və əmin-amanlıq arzuladı.
Tədbir çərçivəsində Baş konsul Sultan Qasımov Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev, RF XİN-in Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalovla görüşüb və söhbət edib. Sankt-Peterburqun qubernator v.i.e A.Beqlov, Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri cənab V.Makarov Baş konsul Sultan Qasımovu qarşıdan gələn yeni il münasibəti ilə təbrik ediblər, dövlətimizə və xalqımıza uğurlar arzulayıblar. Cənab Aleksandr Beqlov və Baş konsulluğun təşkilatı dəstəyi ilə son iki il ərzində Bakıda rəsmi səfərdə olan cənab Vyaçeslav Makarov xalqımız və ölkəmizlə bağlı xoş təəssüratları ilə bölüşüblər. Azərbaycan və Rus xalqlarının tarixi dostluq əlaqələrinin sarsılmaz etimadla bağlı olduğunu qeyd etdilər. Cənab V.Makarov Azərbaycanda dövlət səviyyəsində rus icması üçün yaradılmış yüksək şərait barədə həmsöhbətlərinə məlumat verib. Baş konsul Sultan Qasımov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini, regional səviyyədə əməkdaşlığın yeni sahələri əhatə etdiyini vurğulayıb. Baş konsul qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqət yetirib və bu gün onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikitərəfli münasibətləri, əməkdaşlığı yeni müstəviyə ucaldıb. Baş konsul dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Diplomat Azərbaycan Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında iqtisadiyyat, ticarət və mədəniyyət kimi sahələrdə əməkdaşlığın son dövrdə daha da genişləndiyini və yeni layihələrin həyata keçirildiyini bildirib. Baş konsul Sultan Qasımov cari ilin 20 dekabr tarixində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının ikinci iclasının videokonfrans formatında keçiriləcəyini xatırladıb. Diplomat həmçinin 2017-ci ilin aprel ayında imzalanmış Protokol nəticəsində görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumat verib. Söhbətin davamında Azərbaycanla Sankt-Peterburq arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan perspektivlər və yeni istiqamətlər barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində Sankt-Peterburq Hökumətinin rəsmilərinin Baş konsul Sultan Qasımovla xatirə şəkilləri çəkilib. Tədbirin rəsmi hissəsindən sonra Sankt-Peterburqun dünya şöhrətli “Mariinskiy” teatrının solistləri qonaqlar qarşısında konsert proqramı ilə iştirak ediblər, Sankt-Peterburq Hökuməti adından ziyafət təşkil edilib.