Sankt-Peterburq Dövlət Humanitar Universitetində bilik günü şərəfinə 26-cı ənənəvi təntənəli tədbir keçirilib.
2017-ci ilin 01 sentyabr tarixində keçirilmiş tədbirdə Sankt-Peterburq Dövlət Humanitar Universitetinin rektoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi Aleksandr Zapesotskinin dəvəti ilə Baş konsul Sultan Qasımov fəxri qonaq qismində iştirak etmişdir.
Təntənəli açılış mərasimində həmçinin Rusiya Federasiyasının Əmək və sosial müdafiə nazirinin müavini Andrey Pudov, Sankt-Peterburqun vitse-qubernatoru Vladimir Kirillov, RF Dövlət Dumasının “Yedinaya Rossiya” fraksiyasının sədr müavini Andrey İsayev, Rusiyanın aparıcı İTTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, RF XİN-in Sankt Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Rusiyanın Müstəqil həmkarlar ittifaqının sədri Mixail Şmakov, Rusiyanın əməkdar incəsənət xadimi, yazıçı Semyon Altov, Kanadanın Karlton Universitettinin Dövlət və ictimai idarəetmə mərkəzinin müdiri Pyotr Dudkeviç və Suriya Ərəb Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Riyad Haddad iştirak ediblər. Akademik Lixaçyov adına Universitet meydanında tələbə və professor heyəti daxil olmaqla 5000 nəfər iştirak edib.
Tədbirin açılışında çıxış edən Sankt-Peterburq Dövlət Humanitar Universitetinin rektoru Aleksandr Zapesotski iştirakçıları salamlayaraq, 1992-ci ildən etibarən bilik gününün təntənəli şəkildə qeyd olunmasının Dövlət Humanitar Universitetinin ənənəsinə çevrildiyini qeyd etdi. Rektor bilik günündə Universitetin auditoriyalarında fəxri qonaqlar, alimlərin, mədəniyyət və incəsənət xadimləri tərəfindən tələbələrə müxtəlif maraqlı mövzularda mühazirələrin oxunduğunu bildirdi. A.Zapesotskiy Universitetin 2016-2017 təhsil ili üzrə fəaliyyəti və 2017-218-ci təhsil ili üzrə planları barədə məlumat verdi. Bu əlamətdar gündə o, Lixaçyov adına Universitet meydanında toplanmış tələbələri yeni təhsil ilinə uğurladı.
Baş konsul Sultan Qasımov Rusiya-Azərbaycan münasibətlərinin sarsılmaz zəmində qurulduğunu və qədim tarixə malik olduğunu qeyd etdi. Diplomat azərbaycan və rus xalqlarının dost olduğunu və bu münasibətlərin inkişafına dövlət başçıları səviyyəsində diqqətin yetirildiyini vurğuladı. İkitərəfli münasibətlərin yüksək müstəvisi barədə danışan Baş konsul, Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsinə dair verdiyi qərara xüsusi diqqət yetirdi. Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş bu mühüm qərarın ölkənin həm paytaxtında, həm də regionlarında gənclərin rus dili təliminin davam etdirilməsinə və təhsilin intensivləşdirilməsinə yeni imkanlar yaratdığını bildirdi.
Rusiyanın Müstəqil Həmkarlar İttifaqının sədri Mixail Şmakov Sankt-Peterburq Dövlət Humanitar Universitetinin müəllim və professor heyətinə gənc nəslin maarifləndirilməsi istiqamətində göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirdi. İştirakçılar qarşısında fəxri qonaq qismində çıxış edən Suriyanın Rusiyadakı Səfiri Riyad Haddad Universitetin tələbə və müəllim heyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi.
Tədbirin rəsmi hissəsinin davamında Universitetin birinci prorektoru, hüquq elmləri doktoru Larisa Peseşnikova fəxri professor adı ilə təltif edildi. Universitetin qabaqcıl tələbələrinə Rusiyanın Müstəqil Həmkarlar Federasiyasının təqaüdləri təqdim olundu. Bilik gününə həsr olunmuş tədbir “Olimpiya” sarayında Rusiya estradasının tanınmış ulduzlarının iştirakı ilə təşkil edilmiş konsert proqramı ilə başa çatdı.