news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 iyun 2026

29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) Azərbaycan nümayəndə heyətinin iştirakı

29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) iştirak məqsədilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin 3-5 iyun tarixlərində Sankt-Peterburq şəhərinə səfəri həyata keçirilmişdir.

Səfər çərçivəsində 3 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin və Dağıstan Respublikası Hökumətinin sədri Maqomed Ramazanov ilə görüşləri keçirilmişdir.

Görüşlər zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya əməkdaşlığı, logistika imkanlarından daha səmərəli istifadə və regionlararası tərəfdaşlığın inkişafı perspektivləri müzakirə olunmuşdur.

Tikinti layihələrinin fibrobeton məhsulu ilə təchiz edilməsinə dair Azərbaycan Respublikasında fəaliyyət göstərən “Crystal İnşaat” ASC ilə Dağıstan Respublikasının “Texnoforma SFB” şirkəti arasında 30 milyon ABŞ dolları həcmində memorandum, eləcə də Dağıstan Respublikasının Dərbənd rayonu ərazisində müasir yüksək texnologiyalı aqrobioloji kompleksin təsis edilməsi barədə ölkəmizin “ISFA” şirkəti ilə Dağıstanın “RBR” şirkəti arasında 145 milyon rus rublu həcmində investisiya müqaviləsi imzalanmışdır.

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə Kareliya Respublikasının rəhbəri Artur Parfençikov arasında keçirilmiş görüş zamanı iqtisadi-ticarət əlaqələrinin inkişafı, sənaye korporasiyalarının genişləndirilməsi, milli-mədəni birliklər arasında əlaqələrin təşviqi məsələləri və Azərbaycan Respublikası-Kareliya Respublikası arasında iqtisadi-ticari əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” barədə fikir mübadiləsi aparılmışdır.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev və Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak ilə keçirilən görüşlər zamanı müvafiq olaraq Azərbaycan-Rusiya strateji tərəfdaşlığının iqtisadi gündəliyi, Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq və regionlararası əlaqələrin inkişafı perspektivləri, Azərbaycan-Türkiyə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, biznes əlaqələrinin inkişafı və yeni əməkdaşlıq istiqamətlərinin imkanları müzakirə edilmişdir.

Forum çərçivəsində Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarovun moderatorluğunda, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin iştirakı ilə Azərbaycan-Rusiya siyasi, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyətinə, iki ölkənin biznes dairələri arasında əməkdaşlığın gələcək inkişafı məsələlərinə həsr olunmuş “Rusiya-Azərbaycan” plenar sessiyası keçirilmişdir.

Tədbirdə çıxış edən səfir R.Mustafayev ikitərəfli əlaqələrin bütün sahələri üzrə müsbət dinamikanın müşahidə olunduğunu, cari il ərzində yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsinin nəzərdə tutulduğunu, tərəflərin güc strukturları və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın və aktiv dialoqun həyata keçirildiyini, 2025-ci il üzrə ticarət dövriyyəsinin həcminin 4.9 milyard ABŞ dolları təşkil etdiyini qeyd etmişdir.

Səfir R.Mustafayev çıxışı zamanı Rusiyadakı Azərbaycan icmasının mövcud vəziyyəti ilə bağlı məsələlərə toxunaraq vətəndaşlığından asılı olmayaraq Rusiyadakı Azərbaycan icmasının bütün üzvlərinin hüquq və mənafelərinin pozulmamasına riayət olunmasının ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını, icmanın dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və dialoqun vacib faktoru olduğunu plenar sessiyanın iştirakçılarının diqqətinə çatdırmışdır.

Cari ilin 4 iyun tarixində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov arasında keçirilmiş görüş zamanı Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokolu, həmçinin 2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planına (“Yol Xəritəsi”) əsasən müvafiq sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti və həyata keçirilməsi nəzərdə tutulan məsələlər müzakirə olunmuşdur.

Forumun 3-cü günündə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və Krasnoyarsk diyarının qubernatorunun birinci müavini Sergey Ponomarenko ilə keçirilmiş görüşləri zamanı Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında Xəzər regionunda əməkdaşlıq, nəqliyyat-logistika əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi imkanları, eləcə də Krasnoyarsk diyarı ilə iqtisadi-ticarət əməkdaşlığının inkişafı, sənaye tərəfdaşlığı, investisiya imkanları və regionlararası əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

5 iyun 2026-cı il tarixində Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçov ilə keçirilmiş görüş zamanı Sankt-Peterburq Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maddi-texniki və elmi-metodiki bazası əsasında Azərbaycan-Rusiya birgə təhsil müəssisəsinin yaradılması layihəsi, bu istiqamətdə birgə tədris planının və təhsil proqramlarının hazırlanması ilə bağlı məsələlər müzakirə edilmişdir.

SPIEF-2026 çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə keçirilmiş görüşü Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandıran prezident V.Putin Rusiya və Azərbaycanın bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar apardığını, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin 10 milyard rus rublunu keçdiyini, humanitar məsələlərdə və logistika sahəsində sıx qarşılıqlı fəaliyyətin olduğunu, iki ölkə arasında münasibətlərin çox müsbət istiqamətdə davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə gələcəkdə keçiriləcək görüşü zamanı bütün bunların mütləq qaydada müzakirə olunacağını bildirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti