28 May – Müstəqillik Günü ilə əlaqədar MDB Parlamentlərarası Assambleyasında keçirilmiş dəyirmi masa
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun və Müstəqil Dövlət Birliyi Parlamentlərarası Assambleyasında Azərbaycan Respublikasının Milli Məclisinin Nümayəndəliyinin birgə təşkilatçılığı ilə cari ilin 28 may tarixində MDB Parlamentlərarası Assambleyasının mənzil-qərargahı olan “Tavriya sarayı”nda 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
İlk olaraq Baş konsulluğun və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan Respublikasının Milli Məclisinin Nümayəndəliyinin əməkdaşları müstəqil və suveren Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin binasının üzərindəki barelyefini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, önünə gül dəstələri düzmüşdür.
Daha sonra müsəlman Şərqində ilk demokratik və parlamentli dövlət olan Azərbaycan Demokratik Respublikasının 2-ci xarici işlər naziri və ilk Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun “Tavriya sarayı”nın Atrium zalındakı büstü ziyarət edilmiş və xatirəsinə ehtiram əlaməti olaraq önünə gül dəstələri düzülmüşdür.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikasının Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Baş konsulluğun heyəti və digər rəsmi şəxslərin iştirakı ilə keçirilmiş 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa zamanı Azərbaycan Demokratik Respublikasının tarixindən, parlamentarizm ənənələrindən, Ulu öndər Heydər Əliyevin 20-ci əsrin 80-90-cı illərində tarixin gərgin siyasi proseslərindən keçən müasir və suveren Azərbaycan Respublikasının müstəqillik tarixində əvəzsiz xidmətlərindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı zəfərindən bəhs edilmişdir.