28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar keçirilmiş rəsmi qəbul
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə 20 may 2026-cı il tarixində rəsmi qəbul keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri Maksim Poletayev, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Rusiya Federasiyası Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının direktoru Andrey Xlutkov, Sankt-Peterburq hökumətinin rəsmiləri və Qanunvericilik Məclisinin deputatları, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri iştirak etdi.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə Azərbaycan Demokratik Respublikasının 108 il əvvəl əsasını qoyduğu dövlətçilik modelindən, ölkəmizin beynəlxalq nüfuzundan, müasir dövrdə dayanıqlı inkişaf modelindən, regionda sülh və təhlükəsizliyə verdiyi töhfədən bəhs etdilər.
Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri Maksim Poletayev və Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov çıxışları zamanı Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasındakı bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan-Rusiya arasında yüksək səviyyəli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin və strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etdilər.
Azərbaycan Respublikasının əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədova, Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti, xanəndə Mirələm Mirələmov, vokalçı Ayna Kərimova, opera ifaçısı (tenor) Teymur Kazımov, “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının iştirakı ilə keçirilmiş konsert proqramında incəsənət nümayəndələrinin ifasında milli musiqimizin əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Tədbir zamanı qonaqlara Azərbaycanın milli mətbəxindən ibarət rəsmi ziyafət verilmişdir.