news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2026

27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar Sankt-Peterburq şəhərində keçirilmiş tədbir

27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar 26 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda tədbir keçirilmişdir.


Anım tədbirində Rusiya Federasiyası Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki ali hərbi akademiyalarında və universitetlərdə təhsil alan azərbaycanlı zabit və kursantlar, tələbələr, Azərbaycan icmasının nümayəndələri və Baş konsulluğun diplomatları iştirak etmişdir.


44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının əzəli torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmişdir.


Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsi, 2016-cı il Aprel döyüşlərində həlak olmuş şəhid polkovnik-leytenant Sənan Axundovun övladı Nəzrin Axundova, Azərbaycan Müdafiə Nazirliyinin tibb xidməti kapitanı Telman Qədirli və 44 günlük Vətən Müharibəsi iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş ehtiyatda olan kapitan İlkin Rüstəmov çıxışlar zamanı doğma ata-baba torpaqlarımızı işğaldan azad edən şanlı Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 6 il əvvəl qəhrəmanlıq tarixi yazdığını qeyd etmiş, 27 sentyabr tarixinin və 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki xüsusi əhəmiyyətindən bəhs etmişdir.


Tədbir iştirakçıları Vətən müharibəsində qazanılan Zəfərin xalqımızın sarsılmaz iradəsinin, dövlət-xalq və ordu-xalq milli birliyinin təcəssümü olduğunu diqqətə çatdırmışdır.

Həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu vurğulanmış, Azərbaycanın tarixi ədaləti bərpa etməklə yanaşı, regionda davamlı sülhün bərqərar edilməsinin təminatçısı olduğu qeyd edilmiş, bu xüsusda 8 sentyabr 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammit zamanı Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasından və sülh sazişinin mətninin paraflanmasından bəhs edilmişdir.


Vətən müharibəsindən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işlərinə, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən tədbirlərə toxunulmuşdur.


Tədbir çərçivəsində 27 Sentyabr - Anım Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti