2016-12-17
Dünya azərbaycanlılarının həmrəyliyi günü mövzusuna həsr edilmiş konfransa dair.

Cari ilin 17 dekabr tarixində Sankt-Peterburq şəhərinin “Sankt-Peterburq oteli”ndə Baş konsulluğun, “Naxçıvan Azərbaycanın dostları” milli-mədəni cəmiyyətinin və Sankt-Peterburq Hökumətinin Millətlərarası münasibətlər və miqrasiya siyasətinin tətbiqi Komitəsinin təşkilatçılığı ilə azərbaycanlılarının həmrəyliyi günü mövzusuna həsr edilmiş konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan diasporunun rəhbərləri və fəal üzvləri, MDB Parlamentlərarası Assambleyasının Baş katibinin müavini, ölkəmizin qurumdakı nümayəndəsi Aydın Cəfərov, azərbaycanlı tələbələr, AMOR-un üzvləri, Azərbaycana dost xalqların diaspor rəhbərləri, Rusiyanın Şimal-Qərb federal dairəsi müsəlmanlarının dini idarəsinin sədri, müfti Ravil Pençeyev, Sankt-Peterburqun ictimai təşkilatlarının nümayəndələri və Baş konsulluğun diplomatları iştirak etmişdirlər.

Konfrans proqramına Azərbaycanlıların həmrəylik gününün qeyd olunması, Azərbaycan əsilli sərkərdə Hüseyn xan Naxçıvanskiyə Sankt-Peterburqda abidənin qoyulması və burada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin konsolidasiyası mövzuları daxil idi.                 

Baş konsul Sultan Qasımovun həmrəylik günü və Yeni il münasibəti ilə həmvətənlərə ünvanlanmış təbrik məktubu oxundu. Təbrikdə xaricdə yaşayan azərbaycanlıların ölkə maraqlarının müdafiəsində nümayiş etdikləri birlik və vətənin tərəqqisi naminə göstərdikləri xidmətlərin əhəmiyyətinə xüsusi diqqət yetirildi. Soydaşlarımızın milli maraqların müdafiəsi üçün vahid mövqedən çıxış etmələrinin vacibliyi qeyd olundu. Baş konsul Sultan Qasımov xalqımızın zəngin tarixi və mədəni irsinin qorunması, müstəqil Azərbaycanın inkişafı naminə soydaşlarımızı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında birləşməyə və ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunu dəstəkləməyə çağırdı

Konfransda çıxış edən “Naxçıvan” ictimai cəmiyyətinin sədri İdris Qəhrəmanov Azərbaycan diasporunun yaranması ideyasının və azərbaycançılıq təfəkkürünün Ümummilli Lider Heydər Əliyevə məxsus olduğunu vurğuladı.  İ.Qəhrəmanov xaricdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı ətrafında birləşməsinə məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olunduğunu bildirdi.

Konfransın davamında çıxış edən MDB Parlamentlərarası Assambleyasının Baş katibinin müavini, ölkəmizin qurumdakı nümayəndəsi Aydın Cəfərov Azərbaycan dövlətçiliyinin quruculuğunda və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz zəhmətindən, Azərbaycan hökumətinin daima xaricdə yaşayan həmvətənlərə göstərdiyi qayğı və diqqətdən danışdı. A.Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycanda mühüm islahatların aparıldığını, ölkədə iqtisadiyyatla yanaşı bir çox sahənin sürətlə inkişaf etdiyini və artıq qeyri-neft sektorunda da yüksək göstəricilərin müşahidə olunduğunu qeyd etdi.

Konfrans çərçivəsində Sankt-Peterburq Hökumətinin Millətlərarası münasibətlər və miqrasiya siyasətinin tətbiqi Komitəsinin sədri Vladimir Maxnovun bayram münasibəti ilə soydaşlarımıza ünvanlanmış təbrik məktubu oxundu.

Konfransın davamında çıxış edən iştirakçılar, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri və azərbaycanlı gənclər, AMOR-un üzvləri öz Azərbaycanı parlaq gələcəyin gözlədiyini və Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin də ədalət çərçivəsində həll ediləcəyinə inandıqlarını bildirdilər. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin banisi olduğu həmrəylik gününün dərin məna daşıdığını və böyük məsuliyyət tələb etdiyini qeyd etdilər. Rusiyanın şimal paytaxtının çoxmillətli şəhər olduğunu, burda müxtəlif xalqların sülh və əmin-amanlıq içində yaşadığını bildirdilər. Azərbaycan diasporunun Rusiya cəmiyyətinə zəngin tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə inteqrasiya etdiyini vurğuladılar. Tədbirin davamında çıxış edən gənclər ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın gündən günə inkişaf etdiyini və hər bir həmvətənlimiz üçün qürur mənbəyi olduğunu bildirdilər. Onlar vətənimizin və xalqımızın adının daima uca tutulması üçün xidmət edəcəklərini və Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyəcəklərini vurğuladılar.

Konfransın davamında Azərbaycan diasporunun ötən il qarşıya qoyduğu məqsədlər və görülmüş işlər müzakirə edildi. Mühüm layihələr sırasında Azərbaycan əsilli sərkərdə, general-adyutant Hüseyn xan Naxçıvanskinin abidəsinin qoyulması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr barədə məlumat verildi.                                                                               

Konfransın davamında müzakirə edilən növbəti mövzu isə Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin konsolidasiyası ilə bağlı idi. Çıxış edənlər bildirdilər ki, Sankt-Peterburqdakı Azərbaycan diasporunun prioritet fəaliyyət istiqamətini Azərbaycanın və həmvətənlərin mənafeyinə xidmət etmək təşkil edir. Diaspor fəalları Sankt-Peterburq və Şimal-Qərb federal dairəsində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin ümumi maraqlar ətrafında birləşməsinin vacibliyini qeyd etdilər.

Tədbir çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xidmət edən diaspor fəalları, gənclər və ictimai təşkilatların nümayəndələri təltifnamələrlə mükafatlandırıldılar.            

Tədbir çərçivəsində iştirakçılara Baş konsulluq tərəfindən təqdim olunmuş Azərbaycan barədə sənədli film nümayiş etdirildi. Konfransın yekununda qonaqlara qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə Baş konsulluq və təşkilatçılar adından furşet verildi, “Bakı” jurnalının son nömrələri hədiyyə edildi. 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi