2019-12-02
“Şərq incəsənəti Festivalı-2019” çərçivəsində Sankt-Peterburqun Dövlət Akademik Kapellasında muğam ustası Alim Qasımovun və Fərqanə Qasımovanın konserti təşkil olunub.

Cari ilin 22 noyabr tarixində Sankt-Peterburq Hökumətinin Mədəniyyət Komitəsinin təşkilatçılığı və Baş konsulluğun dəstəyi ilə “Şərq incəsənəti Festivalı-2019” çərçivəsində Sankt-Peterburqun Dövlət Akademik Kapellasında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə  “Şərəf” ordeni ilə təltif olunmuş dünya şöhrətli muğam ustası Alim QasımovunFərqanə Qasımovanın konserti təşkil olunub. Sankt-Peterburqun incəsənətsevərləri, yerli ictimaiyyətin nümayəndələri, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Baş konsulluğun diplomatları, Azərbaycan diasporunun fəalları, azərbaycanlı və rusiyalı tələbələr, AMOR-un Sankt-Peterburqdakı bölməsinin üzvləri şərq və Azərbaycan milli musiqisindən ibarət zəngin konsert proqramını böyük maraqla izləyiblər.                                                          

Konsertdən əvvəl Baş konsulluğun vitse-konsulu Rüfət Dadaşov X Azərbaycan-Rusiya regionlararası Forumunda iştirak etmək məqsədi ilə Moskvada ezamiyyətdə olan Baş konsul Sultan Qasımovun adından təşkilatçılara təşəkkürünü bildirib və Baş konsulun müraciətini iştirakçılara təqdim edib. Baş konsul Sultan Qasımovun müraciətində Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə də muğam sənətinin ümumdünya səviyyəsində tanıdılması və təbliği istiqamətində görülən işlərə xüsusi diqqət yetirilib. Bildirilib ki, məhz Mehriban Əliyevanın fəaliyyəti nəticəsində muğam sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Diplomat həmçinin Alim Qasımovun yaradıcılığı və nailiyyətləri barədə danışıb, konsertə gələn sənətsevərlərə uğurlar arzulayıb.                                                             

Sankt-Peterburqda Şərq mədəniyyəti festivalı çərçivəsində təşkil edilmiş konsert proqramı iki hissədən ibarət olub. Konsertin birinci hissəsində Sankt-Peterburq Konservatoriyasının məzunlarından ibarət “Letaniya” orkestrinin ifasında şərq motivlərində musiqi kompozisiyaları ifa olunub. Birinci hissədə xanəndələrimiz Alim Qasımov və Fərqanə Qasımova “Letaniya” orkestrinin müşayiəti ilə muğamın sintezini səsləndiriblər. Konsert proqramının ikinci hissəsi tamamı ilə Alim Qasımov və Fərqanə Qasımova duetinin çıxışından ibarət olub. Xanəndələrimiz Azərbaycan muğamının sevilən təsniflərini ifa ediblər.                                                                                      

Qeyd etmək istərdik ki, Sankt-Peterburqda keçirilən “Şərq incəsənəti Festivalı-2019” çərçivəsində Alim Qasımovun çıxışı zəngin Azərbaycan musiqisinin Rusiyanın mədəni paytaxtında təbliğ edilməsi baxımından əlamətdar hadisədir. Konsertə gələn sənətsevərlər Alim Qasımovun ifaçılıq üslubunun muğam sənətində yeni tərz olduğunu bildiriblər. Xanəndələrimizi tar, kamança və nağaradan ibarət instrumental ansamblı müşayiət edib. Konsertin sonunda Baş konsulluq adından səhnəyə böyük qızıl gül zənbili təqdim edilib, o cümlədən digər iştirakçılar da xanəndələrimizə çox sayda gül dəstələrini təqdim edərək sevgilərini ifadə ediblər.                                                

Həmçinin bildiririk ki, 22 noyabr 2019-cu il tarixində dünya şöhrətli muğam xanəndəmiz, Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Baş konsulluğun sıx əməkdaşlıq etdiyi “Sankt-Peterburq” televiziya kanalının “Peterburqda səhər” verilişində iştirak ediblər (https://topspb.tv/programs/releases/97533/).

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi