2019-11-27
14-16 noyabr tarixlərində Sankt-Peterburqda VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu keçirilmişdir.

2019-cu ilin 14-16 noyabr tarixlərində VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu keçirilmişdir. Sözügedən Forumda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov təmsil etmişlər.

Noyabrın 14-də Dövlət Ermitaj Muzeyinin baş qərargahında keçirilən Forumun rəsmi açılış mərasimində çıxış edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets builki tədbirin bir sıra göstəricilərinə görə əvvəlkilərdən fərqləndiyini bildirmişdir. İştirakçıların sayının 35 min nəfəri ötdüyünü və 100-dən artıq ölkədən mütəxəssislərin iştirakı ilə müxtəlif məkanlarda 350-dən çox tədbirin keçiriləcəyini qeyd etmişdir. Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çıxış edərək Forumun əhəmiyyətindən, şəhərin tarixi-mədəni irsindən söz açaraq, beynəlxalq tədbirin Sankt-Peterburqun mədəni zənginliyinə investisiya cəlb etməyə kömək edəcəyini vurğulamışlar.

Daha sonra Çin Xalq Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə və Slavyan Mədəniyyətləri Fondu nümayəndələrinin çıxışları dinlənilmişdir.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti həmin gün Forumun əsas mövzusuna həsr olunmuş "Qloballaşma şəraitində mədəni kodlar" adlı plenar iclasda iştirak etmişdir. Forum çərçivəsində Sevda Məmmədəliyeva Rusiyanın və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirmişdir. Görüşlərdə mədəni əlaqələrin inkişafından, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərdən, habelə 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “iştirakçı ölkə” statusunda maraqlı proqram təqdim edəcəyi barədə söhbət açılmışdır.

Noyabrın 14-də Dövlət Ermitajının baş qərargahında təşkil olunmuş “Mədəniyyət dəyərləri bizim üçün və gələcək üçün” mövzusunda panel diskussiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli spiker qismində iştirak edib. Sektor müdiri paneldə “Azərbaycan Respublikasında mədəni dəyərlərin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətindən bəhs edən məruzəçi mədəni dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində, o cümlədən, mədəni irs, peşəkar incəsənət və mədəni sənayelərin dəstəklənməsində qanunvericilik, inzibati, maliyyələşdirmə, informativ, kadr, infrastruktur və beynəlxalq təminat mexanizmlərinin rolundan söz açıb. Məruzədə həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində milli və bəşəri mədəniyyət sərvətlərimizin məhv edilməsinə dair faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Yaşar Hüseynli ölkəmizdə həyata keçirilən düşünülmüş mədəniyyət siyasətinin beynəlxalq aləmdə əldə olunmuş nəticələri barədə də danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqqında da geniş məlumat verib.

Həmin gün N.P.Akimov adına Sankt-Peterburq Dövlət Akademik Komediya teatrının Ağ zalında yüksək səviyyədə keçirilən təntənəli açılış mərasimindən sonra Forumun “Təhsil” bölümü çərçivəsində “Uşaq incəsənət məktəbi-2019: təhsil, idarəetmə, inkişaf” və “Teatr sənəti sahəsində əlavə təhsil proqramlarının həyata keçirilməsi məsələsinin aktuallığı” adlı mövzuya həsr edilmiş konfransı öz işinə başlamışdır.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli Sankt-Peterburq Mədəniyyət Komitəsinin sədri Konstantin Suxenkonun xüsusi dəvəti ilə adı çəkilən mövzuya həsr edilmiş konfransın işinə spikerlik etmişdir. Əziz Qarayusiflinin konfransın ilk günündə “Azərbaycan Respublikasının mədəni siyasəti kontekstində Uşaq İncəsənət Məktəblərinin inkişafı” mövzusunda məruzəsi dinləyicilər tərəfindən böyük maraqla dinlənilmişdir. Konfransın məqsədi uşaq incəsənət məktəblərinin inkişafında aktual problemlərin aradan qaldırılması məsələlərinin müzakirəsi üçün peşəkarlıq baxımından açıq meydanların yaradılmasına, effektli pedaqoji və idarəçilik təcrübəsinin yayılmasına kömək etmək olmuşdur.

İlk günün sonunda Sevda MəmmədəliyevaBaş konsul Sultan Qasımov Sankt-Peterburq Etnoqrafiya Muzeyində Rusiya Mədəniyyət naziri Vladimir Medinskinin Forumun xarici nümayəndə heyətləri ilə görüşündə iştirak etmişlər.

15 noyabr tarixində “Lendok” Açıq Film Studiyasında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Baş konsul Sultan Qasımov ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilmişdir. Görüşdə Rusiya Mədəniyyət Nazirliyi və Dövlət Kinofilm fondunun səlahiyyətli rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, ölkəmizin nümayəndə heyəti və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları iştirak etmişlər. Görüş zamanı Rusiya Mədəniyyət nazirinin müavini ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışmışdır. Nazir müavini  Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsi ilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu qeyd etmişdir. Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını bildirərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında çoxşaxəli mədəni əlaqələrin tarixi, bugünkü inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs etmişdir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş filmin qısa tarixi haqqında və dünya kino sənətinə böyük töhfə verdiyini xüsusilə qeyd etmişdir.

Daha sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında Protokol imzalanmışdır.

Görüşün sonunda Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov  Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı “Arşın mal alan” filminin ilk afişasının surətini hədiyyə etmiş və qonaqları kinostudiyada yenilənmiş “Arşın mal alan” filminin nümayişinə baxmağa dəvət etmişdir. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənilmişdir.

VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajının direktoru Mixail Piotrovski arasında görüş keçirilmişdir.

Görüş zamanı Sevda Məmmədəliyeva Dövlət Ermitajının baş gərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumunun əsas tədbirlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu qeyd etmiş, ölkələrimiz arasında çoxşaxəli mədəni əlaqələrin son zamanlarda dərinləşməsinin hər iki ölkənin muzeyləri arasında sıx əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsi və mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsinə müsbət təsir edəcəyindən əminliyini ifadə etmişdir.

Sevda Məmmədəliyeva 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” fəxri statusunda iştirak edəcəyini vurğulayaraq, növbəti il üçün rəngarəng tədbirlər planının hazırlanması və silsilə tədbirlərin keçirilməsində Dövlət Ermitajı ilə əməkdaşlığın töhfə verəcəyini və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına şərait yaradacığını bildirmişdir.

Dövlət Ermitajının direktoru bu görüşdən məmnunluğunu ifadə edərək, ortaq mənəvi dəyərlərə malik Azərbaycan və Rusiya arasında qarşılıqlı mədəni əlaqələrin gücləndiyini vurğulamışdır. M.Piotrovski 2017-ci ildə Bakı şəhərində keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını qeyd etmiş və səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirmişdir. O, ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək niyyətində olduğunu və Azərbaycanın 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində həyata keçirəcəyi layihələrlə bağlı dəstək verilməsinə hazır olduğunu qeyd etmişdir.

Görüş ikitərəfli münasibətlər zəminində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizə aid tədbirlər planı ətrafında müzakirələrlə davam etmişdir.

16 noyabr tarixində VIII Sankt-Peterburq Mədəniyyət Forumu başa çatmışdır.

 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi