2019-11-05
Sankt-Peterburqun qubernatoru cənab Aleksandr Beqlov diplomatik korpus rəhbərləri ilə görüşüb.

Cari ilin 29 oktyabr tarixində Sankt-Peterburq hökumətinin, Xarici Əlaqələr Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə qubernator Aleksandr Beqlovun Sankt-Peterburqda akkreditə olunan diplomatik korpus rəhbərləri ilə görüşü keçirilib. Görüşün əsas mövzusunu Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunacaq tədbirlərin keçirilməsi təşkil edib. Bu səbəbdən görüşün əvvəlində tədbir iştirakçılarına Leninqradın müdafiəsi və mühasirəsi memorial muzeyi və Sankt-Peterburq Tətbiqi İncəsənət muzeyinə ekskursiyalar təşkil olunub. Sankt-Peterburq Tətbiqi İncəsənət muzeyində davam edən tədbirdə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov iştirak ediblər.  Görüşdə ölkəmizi Baş konsul Sultan Qasımov təmsil edib.                    

Tədbirin rəsmi hissəsində iştirakçıları salamlayan Xarici Əlaqələr Komitəsinin sədri cənab Y.Qriqoryev görüşün sual-cavab formatında təşkil olunduğunu vurğulayaraq, sözü Sankt-Peterburqun qubernatoru cənab Aleksandr Beqlova verdi. Cənab A.Beqlov Sankt-Peterburqda akkreditə olunmuş Baş konsulluqların rəhbərlərinə Sankt-Peterburq hökuməti üçün mühüm əhəmiyyət kəsb edən görüşə gəldiklərinə görə minnətdarlığını bildirib. Qubernator Böyük Vətən Müharibəsində bir çox ölkənin iştirakının və Leninqrad şəhərinin işğalçı qüvvələrə göstərdiyi böyük müqavimətin qələbədə vacib rol oynadığını vurğulayıb. O bildirib ki, 27 yanvar 2019-cu il tarixində Leninqradın faşist mühasirəsindən azad olunmasının 75 illiyinə həsr olunmuş silsilə tədbirlər dünyanın bir çox ölkəsində qeyd olunub və bu sevindirici haldır.                                 

Sankt-Peterburqun inkişafı barədə danışan qubernator son il ərzində Sankt-Peterburqda bir sıra beynəlxalq səviyyəli tədbirlərin, forumların, festival və yarışların, o cümlədən ənənəvi Sankt-Peterburq İqtisadi Forumunun keçirildiyini və qarşıda Mədəniyyət Forumunun keçiriləcəyini qeyd edib. Qubernator 20 dekabr 2019-cu il tarixində Avrasiya İqtisadi Birliyinə üzv MDB ölkələrinin dövlət başçılarının  qeyri formal sammitinin keçiriləcəyinə xüsusi diqqət yetirdi. Cənab Aleksandr Beqlov 2020-ci ildə Sankt-Peterburqda BRİKS və ŞƏT kimi təşkilatların sammitlərinə ev sahibliyi edəcəyini və Futbol üzrə Avropa çempionatının yekun dörd oyununun burada keçiriləcəyini bildirib. 2020-ci ildə Qırğızıstan, Koreya, Yaponiya, Misir kimi dövlətlərlə qarşılıqlı mədəniyyət günlərinin, Rusiya ilə Finlandiya və Türkiyə arasında diplomatik əlaqələrin 100 illiyinin qeyd olunmasının planlaşdırıldığını bildirib. Sankt-Peterburqun xarici tərəfdaşlarla və sərmayəçilərlə əməkdaşlığa açıq olduğunu bildirən qubernator, şəhərin inkişafına federal səviyyədə diqqətin yetirildiyini, şəhərin əsas gəlir mənbələrindən olan turizmin inkişafı üçün elektron vizaların tətbiqinə başlandığını və cari il ərzində turist sayının 12 milyon təşkil edəcəyini vurğulayıb.                                                                                

Rəsmi çıxışlardan sonra tədbir diplomatik korpus başçılarının Qubernatora verilən sualları ilə davam edib. Qeyd etmək istərdik ki, Litva, Finlandiya və Avropanın digər ölkələrinin Baş konsulları qubernatora elektron vizaların rəsmiləşdirilməsində mövcud problemlərlə bağlı suallar veriblər. Yalnız Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov cənab Aleksandr Beqlova tədbirin əsas mövzusunu təşkil edən Böyük Vətən Müharibəsində qələbənin qazanılması ilə bağlı 2020-ci ildə keçiriləcək tədbirlərlə bağlı sual verib.  Baş konsul Sultan Qasımov Sankt-Peterburq hökumətinin başçısı Aleksandr Beqlova Sankt-Peterburqla Azərbaycan arasında inkişaf edən əməkdaşlığa görə təşəkkürünü bildirib, 29-30 oktyabr tarixlərində Sankt-Peterburq hökumətinin nümayəndə heyətinin Bakıya təşkil edilmiş işgüzar-mədəni missiyasının uğurla keçdiyini, Bakıda bir sıra mühüm görüşlərin keçirildiyini və işgüzar dairələr arasında yeni əməkdaşlıq əlaqələrinin qurulduğunu qubernatorun diqqətinə çatdırıb. Diplomat həmçinin cari ilin yanvar ayında Leninqradın faşist mühasirəsindən azad olunmasının 75 illiyinə həsr olunmuş tədbirdə bir tək Azərbaycanın Rusiyadakı Səfiri cənab Polad Bülbüloğlunun iştirak etdiyini vurğulayaraq, 2020-ci ildə Qələbə günü münasibəti ilə hansı tədbirlərin planlaşdırıldığı ilə maraqlanıb.                         

Baş konsul Sultan Qasımovun sualına cavab verən cənab A.Beqlov Azərbaycanla Sankt-Peterburq arasında sıx əməkdaşlıq əlaqələrinin qeyd edib. Qubernator hökumətlərarası geniş formatda əməkdaşlığın inkişafı üçün çoxsaylı imkanların mütləq şəkildə dəyərləndiriləcəyini vurğulayıb. Cənab A.Beqlov bildirib ki, 2020-ci ildə Sankt-Peterburqda Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş təntənəli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlərdə Azərbaycandan nümayəndə heyəti və veteranlar iştirak üçün dəvətlidirlər.                          

Tədbirin rəsmi hissəsindən sonra diplomatik missiya rəhbərlərinə Sankt-Peterburq hökuməti adından ziyafət verilib. Tədbir “Sankt-Peterburq” televiziya kanalının “Xəbərlər” verilişində və digər KİV-lər tərəfindən işıqlandırılıb. https://topspb.tv/news/2019/10/29/aleksandr-beglov-vstretilsya-s-predstavitelyami-konsulskogo-korpusa/

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi