2019-10-01
23-25 sentyabr tarixlərində Sankt-Peterburq şəhərində “VII Azərbaycan-Rusiya Gənclər Forumu” keçirilmişdir.

Cari ilin 23-25 sentyabr tarixlərində Sankt-Peterburq şəhərində yerləşən MDB iştirakçı-dövlətlərin Parlamentlərarası Assambleyasının Parlament mərkəzində “VII Azərbaycan-Rusiya Gənclər Forumu” keçirilmişdir. Tədbir Rusiya Elm və Ali Təhsil Nazirliyinin, Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin, həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının və "Rusiya Gənclər və Uşaq Assosiasiyalarının Milli Şurası" ictimai birliyinin təşkilatçılığı ilə baş tutmuşdur.

Ölkəmizi bu forumda Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi.

Forumun açılış mərasimində nazir müavini İntiqam Babayev, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov,  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Emin Babayev, Rusiya tərəfindən isə "Rusiya Gənclər və Uşaq Assosiasiyalarının Milli Şurası" ictimai birliyinin sədri Qriqoriy Petuşkov, Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin ali təhsil sahəsində dövlət gənclər siyasəti və sosial layihələr departamentinin referenti Rostislav Voytexovskiy, MDB iştirakçı-dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının məsul katibi Marqarita Safarova Sankt-Peterburq Xarici Əlaqələr Komitəsi rəhbərinin müşaviri İvan Kolpakov çıxış etdilər.

Açılış mərasimində çıxış edən nazir müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirdi. Nazir müavini vurğuladı ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır. Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışının davamında “İlk dəfə 2012-ci ildə “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında keçirilən forumun ölkəmizdə  gerçəkləşdiyini və əsası dialoq və əməkdaşlıq olan Bəyənnamənin Azərbaycanda qəbul edildiyini bildirdi.

Eyni zamanda, bu  kimi forumların daim müxtəlif sahələri əhatə edən mövzular ətrafında gerçəkləşdiyini, forumun ətrafına fərqli düşüncəli gənclərin cəlb edilməsinin sevindirici hal olduğunu qeyd edən İntiqam Babayev onların bacarıq və imkanlarının genişləndirilməsi üçün yeni zəmin yaratdığını vurğuladı. Ölkə başçıları cənab İlham ƏliyevinVladimir Putinin də çıxışlarında daim hər iki ölkənin tarixə sığınan sıx və inkişaf etməkdə olan dostluq münasibətlərini xüsusi olaraq vurğulandığını tədbir iştirakçıların diqqətinə çatdırdı.

Nazir müavini çıxışının davamında hər iki ölkə gəncləri arasında əməkdaşlığın, əlaqələrin  genişləndirilməsi sahəsində  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının xüsusi rolu haqqında danışdı və Rusiyanın müxtəlif Universitetlərində təhsil alan gənclərin mütəmadi olaraq Azərbaycana səfərlərinin təşkil edildiyini və bu istiqamətdə böyük addımlar atıldığını diqqətə çatdırdı.

MDB iştirakçı-dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının məsul katibi Marqarita Safarova giriş nitqində MDB Gənclər Parlamentlərarası Assambleyasının yaranma tarixi və əsas fəaliyyət istiqamətlərindən danışaraq, iştirakçı-dövlətlərin gənc vətəndaşları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsini xüsusi olaraq vurğuladı. M.Safarova gənclər nümayəndələrinin üz-üzə və qeyri-rəsmi görüşə biləcəyi bu kimi forumlara böyük əhəmiyyət verdiyini qeyd etdi.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatı AMOR-un Sankt-Peterburqdakı bölməsinin fəalları, Sankt-Peterburqun azərbaycanlı gənclər birliyinin üzvləri Zülfüqar İsmayılov və Elman Manafov, Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin nümayəndəsi Rəşadə Orucova, Baş konsulluğun diplomatı Rüfət Dadaşov, Sankt-Peterburq Administrasiyasının və ali təhsil mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycandan  ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr.  Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar  təşkil edilmişdir.

Forum çərçivəsində tədbir iştirakçıları ilə Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr kafedrasında magistrantlar arasında  görüş təşkil edilmişdir.

Tədbirin mədəni proqramı hissəsində “Lensovet” mədəniyyət mərkəzində qonaqlar üçün “Mədəniyyətlərarası gecə”, tamaşa və ziyafət təşkil olunmuşdur.

Tədbirin son günündə rəsmi bağlanış mərasimindən sonra forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefinin qarşısında əziz xatirəsini yad etmişlər. Daha sonra dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin heykəlini və Piskaryov memorial məzarlığında 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı Leninqrad uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirə lövhəsini ziyarət edərək əklillər qoymuşlar.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi