2019-06-18
Sankt-Peterburqda 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilib.

Cari ilin 6-8 iyun tarixlərində Sankt-Peterburqda 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilib. Tədbirdə ölkəmizi İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə həmçinin ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov iştirak ediblər.

Forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin rəsmilərinin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Forumda tədbirlər ənənəvi olaraq panel sessiyalar, dəyirmi masalar, televiziya verilişləri və Rusiyanın müxtəlif ölkələrlə əlaqələrinə həsr olunmuş biznes dialoqları şəklində həyata keçirilir. Bu il keçirilən Forum çərçivəsində “Tarazlıq axtarışında qlobal iqtisadiyyat”, “Rusiya İqtisadiyyatı: Milli İnkişaf Məqsədlərinə nail olunması”, “İlk növbədə insanlar”, “Gələcəyi formalaşdıran texnologiyalar” kimi 4 əsas tematik istiqamətdə işgüzar müzakirələr, ikitərəfli biznes dialoqlar, B20 Regional Məsləhətləşmələr Forumu və başqa tədbirlər təşkil edilib.

İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev  23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb. Görüşdə Səfir Polad Bülbüloğlu və Baş konsul Sultan Qasımov iştirak ediblər.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb. Bu baxımdan ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Rusiya ilə ticarət dövriyyəsi 19% artaraq 2,5 milyard dollar çatıb. Artım tendensiyası 2019-cu ildə də davam edir. Belə ki, bu ilin 1-ci rübündə ticarət dövriyyəsi 23% artıb. Şahin Mustafayev bildirib ki, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Bu ilin əvvəlində Hacıqabul Sənaye Məhəlləsində “QAZ Qrup” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalanıb və “QAZ” markalı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Bu yaxınlarda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikintisinin ilk mərhələsi başa çatdırılıb. Bununla yanaşı, "SOCAR Polimer" Zavodunun tikintisinin birgə maliyyələşdirilməsi uğurlu əməkdaşlığın nümunəsidir. “Qazprombank” həmçinin, “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması və digər layihələri maliyyələşdirir.                                                                      

Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlıq inkişaf edir, iqtisadi-ticarət əlaqələri genişlənir. 2018-ci ildə Sankt-Peterburq vilayəti ilə ticarət dövriyyəsi 7,3% artıb. Bununla belə, iqtisadi əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensial böyükdür.                                                                                                          

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycanla Rusiyanın Leninqrad vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, imzalanan Sazişin həm Azərbaycan, həm də Leninqrad vilayəti üçün uğurlu olacağını, əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan və Rusiya Federasiyası Leninqrad vilayəti arasında əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

Görüşün davamında Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişdə təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin, qarşılıqlı ərzaq məhsulları sərgilərinin, birgə yarmarkaların təşkili, texnika və elm sahəsində əlaqələrin gücləndirilməsi, təhsil, elm, səhiyyə və mədəniyyət, turizm, idman, gənclər sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulması və s. məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.                                     

6-8 iyun 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb. Görüşdə Baş konsul Sultan Qasımov iştirak edib.                                                  

Tərəflər regionlararası əlaqələr, həyata keçirilən birgə layihələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf ertdirilməsi, sənaye, vaqon istehsalı, tranzit-logistika, aqrar, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı texnikasının istehsalı və s. sahələrdə birgə müəssisələrin yaradılmasını müzakirə ediblər.                                              

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının ikitərəfli əməkdaşlığın inkişafında rolu qeyd edilib, Komissiyanın növbəti iclasının bu ilin payızında keçirilməsi, iclasda müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparılıb. Forumu çərçivəsində Azərbaycan-Rusiya iş adamları arasında biznes dialoq təşkil edilib.                                               

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının biznes dairələri arasında əlaqələrin genişləndirilməsində önəmini qeyd edib. Ticarət əlaqələrinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olduğunu vurğulayan Şahin Mustafayev Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutduğunu diqqətə çatdırıb. Ötən il Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 19% artaraq 2,5 milyard dollara çatıb. Bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin 23%-lik artımına nail olunub. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ötən il Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşüb.             Qeyd etmək istərdik ki, ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialı böyükdür və bu məqsədlə tədbirlər davam etdirilir. Bununla yanaşı, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild 2019” sərgilərində nümayiş olunub, Rusiyaya ixrac missiyaları təşkil edilib, ötən ilin mayında Həştərxanda Azərbaycan İş Mərkəzi açılıb. Bu il Sankt-Peterburq və Yekaterinburq şəhərlərində 2 Azərbaycan şərab evinin açılması gözlənilir.                                                                      

Ölkəmiz Rusiya ilə sənaye, investisiya sahələrində də səmərəli əməkdaşlıq həyata keçirir. Bu baxımdan, “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı sərmayə yatırılması sahəsində əhəmiyyət kəsb edir.                                    

Tədbir çərçivəsində görüşən Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Rusiya prezidentinin sahibkarların hüquqları üzrə səlahiyyətli nümayəndəsi Boris Titov, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik və digər şəxslər qarşılıqlı iqtisadi əməkdaşlığın əhəmiyyətini qeyd edib, əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər. İclas çərçivəsində biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.                                                                                                             

07 iyun tarixində Forum iştirakçıları qarşısında çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forum iştirakçılarına müraciətində beynəlxalq miqyaslı tədbirin əməkdaşlıq əlaqələrinin genişlənməsinə və balanslı inkişafın təmin edilməsinə imkan yaratdığını qeyd edib. İştirakçı ölkələrin siyasətçilərinin, iş və elm adamlarının, iqtisadi ekspertlərin Rusiya və qlobal iqtisadiyyatın perspektivlərini, iqlim dəyişikliyi və sosial bərabərlik kimi mühüm məsələləri müzakirə edəcəklərini vurğulayıb. Rusiyanın dövlət başçısı i V.Putin çıxışının davamında təhlükəsizlik, mədəni irsin qorunması, təhsil mübadiləsi, işsizliyin aradan qaldırılması və digər aktual mövzulara toxunub. O bildirib ki, qeyd olunan məsələlərin həlli üçün güclü və effektiv iqtisadiyyatın, beynəlxalq ticarətin şəffaflığının, sərmayə və texnoloji mübadilənin, sağlam rəqabət üçün şərait yaradılmalıdır. Rusiyanın dünya iqtisadiyyatının inkişafı, nəqliyyat, enerji, telekommunikasiya infrastrukturunun inkişafı üçün beynəlxalq və regional əməkdaşlığa açıq olduğunu vurğulayıb.  Rusiyanın dövlət başçısı Forumda imzalanacaq sazişlərin beynəlxalq tərəfdaşlığın möhkəmlənməsinə, ölkələrin gələcəyinə xidmət edəcəyindən əmin olduğunu bildirib.                                                 

Qeyd etmək istərdik ki, cari il keçirilmiş 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumuna 145 ölkədən 19000 iştirakçı qatılıb. Forumda fəxri qonaqlar qismində kimi Çin Xalq Respublikasının Sədri Si Tsinpni, Bolqarıstanın Prezidenti Rumen Radeyev, Moldova Respublikasının Prezidenti İqor Dodon, Slovakiya hökumətinin sədri Peter Pelleqrini, BMT Baş katibi Antoniu Quttereş və digər dövlətlərin rəsmiləri iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi