2019-04-15
Sankt-Peterburqda Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası səhnəyə qoyulub.

Cari ilin 2 aprel tarixində Sankt-Peterburqun mərkəzində Nevskiy prospektində yerləşən Knyaz Beloselkix-Belozorskix tarixi Sarayda Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Baş konsulluğun təşkilati dəstəyi ilə N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının aktyorlarının və “Tatarica” orkestrinin ifasında dünya şöhrətli bəstəkar və Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası səhnəyə qoyulub.                                                                                               

Tamaşaya fəxri qonaq qismində Baş konsul Sultan Qasımov dəvət olunub. Musiqili tamaşanın yaradıcı heyətinə quruluşçu rejissor Ukraynanın əməkdar incəsənət xadimi Rinat Bektaşev, dirijor Tatarıstan Respublikasının əməkdar incəsənət xadimi Rinat Xalitov, opera studyasının bədii rəhbəri Alfiya Zapparova və rəssam Bulat İbragimov daxildir.                                                                                                                                

Tamaşa öncəsi çıxış edən təşkilatçılar Üzeyir Hacıbəyovun Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsil aldığı dövrdə ən məşhur əsərlərindən biri olan “Arşın mal alan” operettasını yazdığı barədə məlumat veriblər. Əsərin ilk dəfə 25 oktyabr 1913-cü ildə Azərbaycanda səhnəyə qoyulduğunu və 80 dilə tərcümə edilərək dünyanın bir çox səhnəsində böyük müvəffəqiyyətlə ifa edildiyini qeyd ediblər.                                                 

Sankt-Peterburqda Knyaz Beloselkix-Belozorskix tarixi Sarayında səhnəyə qoyulmuş və iki hissədən ibarət “Arşın mal alan” musiqili komediyası tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb. Tamaşadan sonra səhnəyə Baş konsul Sultan Qasımov dəvət olunub.                                                                      

Baş konsul çıxışında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ölməz əsəri “Arşın mal alanı” Sankt-Peterburqda səhnələşdirilməsinə görə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və RF Tatarıstanın Respublikasının N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasına təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, azərbaycanlı bəstəkarmusiqişünas, publisistdramaturqpedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun əsərlərinin dünya miqyasında tanındığını qeyd edib. Dahi bəstəkarın həyat və fəaliyyəti barədə danışan Baş konsul Üzeyir Hacıbəyovun Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti fəxri adlarına layiq görüldüyünü, Stalin mükafatı laureatı, "Lenin ordeni" və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunduğunu, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri və  Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışaraq Azərbaycan və dünya mədəniyyətinin inkişafında əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. Baş konsul Sultan Qasımov Üzeyir Hacıbəyovun həmçinin Azərbaycan himninin bəstəkarı və müsəlman şərqində ilk operanın müəllifi olduğuna diqqət yetirib. Baş konsul Sultan Qasımov Üzeyir Hacıbəyovun “Arşın mal alanla” musiqili tamaşası ilə yanaşı dünya səhnələrində qoyulmuş “Leyli və Məcnun”, “Koroğlu” kimi operaların da müəllifi olduğunu xatırladıb.                  

Çıxışının davamında diplomat qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Üzeyir Hacıbəyovun dövlət səviyyəsində yubileyləri qeyd olunur, adının Sankt-Peterburqda əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür, Bakıda onun adına Azərbaycan Dövlət Konservatoriyası - Bakı Musiqi Akademiyasının fəaliyyət göstərir. Diplomat həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyovun Azərbaycanın dilbər guşəsi, Azərbaycana və SSRİ-yə Rəşid Behbudov, Fikrət Əmirov, Səfir Polad Bülbüloğlu və atası dahi Bülbül, Xan Şuşinski, Maestro Niyazi kimi  bir çox istedadlı və dünya şöhrətli korifeyləri bəxş etmiş Şuşa şəhərində anadan olduğunu xüsusi ilə vurğulayıb. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qonşu Ermənistanın siyasəti nəticəsində Azərbaycanın tarixi torpağı və bəşəriyyətin mədəniyyət mərkəzi sayılan Şuşanın hal-hazırda Ermənistan tərəfindən işğal altında saxlanıldığını tədbir iştirakçılarına bir daha xatırladıb.                                          

Baş konsul Sultan Qasımov Azərbaycanla Rusiya münasibətlərinin inkişafı barədə danışaraq mədəni əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bir çox azərbaycanlı, siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin həyat və fəaliyyətinin Rusiya və Sankt-Peterburqla bağlı olduğunu qeyd edib. Hal-hazırda Baş konsulluqla Sankt-Peterburq Administrasiyası arasında görkəmli bəstəkar Üzeyir Hacıbəyovun adının əbədiləşdirilməsi istiqamətində danışıqların aparıldığını və barelyef layihəsinə baxıldığı barədə məlumat verib.                                                                                    

Baş konsul maraqlı tamaşaya görə N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının bədii truppasına və “Tatarica” orkestrinə təşəkkürünü bildirib. “Arşın mal alan” operettasının Sankt-Peterburqun mərkəzində səhnəyə qoyulmasının Azərbaycan və Rusiyanın mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd edib.

Diplomat Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun təşkilatçılara ünvanlanmış təşəkkür məktubunu oxuyub. Məktubda Azərbaycanın mədəni irsinin incisi sayılan “Aşın mal alan” tamaşasının 2013-cü ildə YUNESKO tərəfindən 100 illiyinin qeyd olunduğu vurğulanıb.                                                                                                                   

Çıxışının yekununda Baş konsul Sultan Qasımov Baş konsulluq adından gül dəstəsini və xatirə hədiyyələrini N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının yaradıcı heyətinə təqdim edib.                                                                                   

Tamaşadan sonra çıxış edən quruluşçu rejissor Ukraynanın əməkdar incəsənət xadimi Rinat Bektaşev, Tatarıstan Respublikasının əməkdar incəsənət xadimi Alfiya Raxmatulina və digərləri Azərbaycanla Rusiya arasında mehriban dostluq münasibətlərinin qorunub inkişaf etdirilməsinə görə Baş konsul Sultan Qasımova minnətdarlıqlarını bildirərək diplomata təşkilatçılar adından təşəkkür məktubunu təqdim ediblər. Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimi Üzeyir Hacıbəyovun dünya şöhrətli “Arşın mal alan” operettasının səhnələşdirilməsi imkanının onlar üçün böyük şərəf olduğunu deyiblər. N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının bədii heyəti “Arşın mal alan” tamaşasını Bakı teatrının səhnəsində də ifa etmək niyyətində olduqlarını və köməkliyin göstərilməsini Baş konsul Sultan Qasımovdan xahiş ediblər və bu barədə rəsmi müraciət məktubunu təqdim ediblər.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi