2019-04-09
Sankt-Peterburqda “VII Azərbaycan-Rusiya Gənclər forumu”na hazırlıq iclası keçirilib.

Cari ilin 1-2 aprel tarixlərində Sankt-Peterburq hökumətinin “Smolnıy” Administrasiya binasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Rusiya Federasiyası Təhsil Nazirliyinin Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr komitəsinin təşkilatçılığı ilə “VII Azərbaycan-Rusiya Gənclər forumu”na hazırlıq iclası keçirilib.                                                                             

İclasda ölkəmizi təmsil edən nümayəndə heyətinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev başçılıq edib. Rusiya tərəfindən iclasda Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr komitəsinin sədri Yevgeniy Qriqoryev, Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin metodologiya departamentinin rəisi Olqa Çernışova, Rusiya gənclər Milli Şurasının sədri Qriqoriy Petuşkov, Sankt-Peterburqun gənclər siyasəti və ictimai təşkilatlarla əməkdaşlıq Komitəsinin sədr müavini Məmişev Nizami təmsil edib.                               

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məmmədova, Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatı AMOR-un Sankt-Peterburqdakı bölməsinin fəalları, Sankt-Peterburqun azərbaycanlı gənclər birliyinin üzvləri Zülfüqar İsmayılov və Elman Manafov, Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin nümayəndəsi Rəşadə Orucova, Baş konsulluğun diplomatı Əli Baytalov, Sankt-Peterburq Administrasiyasının və ali təhsil mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev qeyd etdi ki, Rusiya ilə Azərbaycanı tarixi əlaqələr və dostluq münasibətləri birləşdirir. Dövlətlərarası ikitərəfli əməkdaşlığın iqtisadiyyat, ticarət, strateji tərəfdaşlıq, humanitar, mədəniyyət kimi bir çox sahələrində uğurla inkişaf etdiyinə diqqət yetirən cənab Y.Qriqoryev gənclər siyasəti sahəsində də əməkdaşlığın, gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etdiyinə diqqət yetirdi. Cənab Y.Qriqoryev Rusiya Azərbaycan əlaqələrinin gələcəkdə də uğurla inkişaf etdirilməsi məqsədi ilə hər iki ölkənin gəncləri arasında əlaqələrin qurulmasının, bu istiqamətdə müxtəlif beynəlxalq konsfranların, tələbə və gənclər təşkilatları arasında mübadilə proqramlarının həyata keçirilməsinin vacib olduğunu qeyd etdi. Bu baxımdan “VII Azərbaycan-Rusiya Gənclər forumu”nun mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev Rusiya hökumətini və Sankt-Peterburq Administrasiyasının rəsmilərinə xoş və səmimi qarşılanmaya görə təşəkkürünü bildirdi. Cənab İntiqam Babayev Azərbaycanda gənclərin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin göstərildiyini, ölkə rəhbərliyinin gənclər siyasətinin dövlət üçün prioritet istiqamət olduğunu qeyd etdi. Azərbaycan Respublikasında gənclərin inkişafı və təşkilatlanması məqsədi ilə müxtəlif dövlət proqramlarının o cümlədən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının uğurla həyata keçirildiyinə diqqət yetirdi. Azərbaycan gəncliyinin inkişafı sahəsində müxtəlif layihələrin, yay düşərgələrinin, beynəlxalq konfransların, tələbə mübadilə proqramlarının həyata keçirildiyini vurğuladı. Rusiyada yaşayan çoxsaylı diasporumuzun, burada müxtəlif ixtisaslar üzrə ali təhsil alan gənclərimizin ölkələrimiz və xalqlarımız arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qorunması və gələcəkdə inkişaf etdirilməsi istiqamətindəki səmərəli fəaliyyətinin vacib və təqdirəlayiq olduğunu qeyd etdi. Nazir müavini İntiqam Babayev xaricdə yaşayan gənclərinin konsolidasiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsis etdiyi Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatı AMOR-un faliyyətinə xüsusi diqqət yetirdi. Cənab İ.Babayev ölkəmizdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının xaricdə yaşayan gənc həmvətənlərimiz və onları öz sıralarında birləşdiyi ictimai təşkilatlarla  sıx əlaqədə olduğunu vurğuladı. “VII Azərbaycan-Rusiya Gənclər forumu”nun gənclər arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə yeni töhfələr verəcəyini bildirdi.                                                                                                                       

İclasın davamında Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin metodologiya departamentinin rəisi Olqa Çernışova Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayevə Rusiya hökuməti adından Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı sahəsində xidmətə görə fəxri fərman və medal təqdim etdi. Tədbir nəticəsində “VII Azərbaycan-Rusiya Gənclər forumu”nun 2019-cu ilin sentyabr ayında keçirilməsi barədə razılıq əldə edildi.

İclasda iştirak edən Azərbaycanlı Gəncləri Təşkilatı AMOR-un Sankt-Peterburqdakı bölməsinin fəalları, Sankt-Peterburqun azərbaycanlı gənclər birliyinin üzvləri Sankt-Peterburqdakı uğurlu fəaliyyətlərini əks etdirən video təqdimatla çıxış etdilər.                                                                                                                                  

Tədbirin davamında çıxış edən Rusiya gənclər Milli Şurasının sədri Qriqoriy Petuşkov, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məmmədova, Sankt-Peterburqun gənclər siyasəti və ictimai təşkilatlarla əməkdaşlıq Komitəsinin sədr müavini Nizami Məmişev, Baş konsulluğun diplomatı Əli Baytalov və digərləri “VII Azərbaycan-Rusiya Gənclər forumu”nun Sankt-Peterburqda keçiriləcəyinə görə şəhər administrasiyasına və bu seçimə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdilər. Forumun hər iki ölkə gəncləri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması, gənclər üçün aktual olan məsələlərin müzakirəsi, fikir mübadiləsi, gənclər siyasətinin uğurlu tətbiqi və gələcək birgə layihələrin həyata keçirilməsi üçün vacib olduğunu qeyd etdilər. Bu istiqamətdə hər iki ölkənin diplomatik missiyasının, o cümlədən Azərbaycan Respublikasının Sankt-Peterburqdaki Baş konsulluğu tərəfindən gənclərlə işə xüsusi diqqətin göstəriləcəyi bildirildi.

Tədbirin mədəni proqramı hissəsində Azərbaycan nümayəndə heyəti “Lensovet” mədəniyyət mərkəzində “31 iyun” musiqili tamaşasına baxıb, Azərbaycan və Rusiya nümayəndə heyətləri qarşılıqlı olaraq xatirə hədiyyələrini təqdim ediblər, tədbir iştirakçılarına Sankt-Peterburq hökuməti adından ziyafət verilib.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi