2019-03-19
Sankt-Peterburqun məşhur Marinski teatrında Azərbaycanının əməkdar artistinin baş rolda oynadığı tamaşa səhnəyə qoyulub.

Sankt-Peterburqun məşhur Mariinski teatrında Azərbaycanının  əməkdar artisti Timur Əsgərovun baş rolda oynadığı tamaşa səhnəyə qoyulub. Ötən ilin may ayında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın "Əməkdar artisti" fəxri adına layiq görülən Timur Əsgərovun iştirakı ilə Mariinski teatrında "Don Kixot" baletinin nümayişi olub.

Teatrın aparıcı solisti olan Timur Əsgərovun "Bazil" rolunu oynadığı balet tamaşaçıların böyük alqışları ilə qarşılanıb. Baletin nümayişində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib.

Kulis arxasında həmyerlimiz Timur Əsgərovla görüşən S.Qasımov incəsənət ustasını "Don Kixot" baletində oynadığı uğurlu rola görə təbrik edib. Diplomat Sankt-Peterburqun mədəni həyatında iştirak edən azərbaycanlıların daim Azərbaycan dövlətinin və rəhbərliyinin nəzərində olduğunu söyləyib: "Ötən il Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Sankt-Peterburqda yaşayan dörd nəfər həmyerlimiz Azərbaycanın "Əməkdar artisti" fəxri adına layiq görülüb. Timur Əsgərov da həmin dörd azərbaycanlıdan biridir. Həmyerlimizin Peterburqun dünyada məşhur olan Mariinski teatrının səhnəsində belə uğurlu çıxışı bütün azərbaycanlılar üçün qürur verici hadisədir".   

Baş konsul qeyd edib ki, Mariinski teatrının balet truppasının aparıcı solisti, Əməkdar artist, həmyerlimiz Timur Əsgərov dünyanın aparıcı teatr səhnələrində çıxış edir. Yaxın günlərdə onun Amerika Birləşmiş Ştatlarına qastrolları baş tutacaq.   

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi