2018-12-26
Baş konsul Sultan Qasımov “Rusiya təhsil akademiyasının Smolnıy İnstitutu” ali təhsil müəssisənin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

21 dekabr 2018-ci il tarixində Baş konsul Sultan Qasımov Sankt-Peterburqda fəaliyyət göstərən “Rusiya təhsil akademiyasının Smolnıy İnstitutu”nun rektoru Viktor Kazantsevin və İnstitutun Himayədarlar Şurasının üzvü, innovasiyalar mərkəzinin direktoru Heydər İmanovun dəvəti ilə ali təhsil müəssisənin 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə fəxri qonaq qismində iştirak edib.                                                                                                               

Tədbirdə həmçinin Sankt-Peterburq qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nikolay Burov, Sankt-Peterburq hökumətinin sahibkarlığın və istehlakçı bazarının inkişafı Komitəsinin sədri Elgiz Kaçayev, Kalininskiy rayonunun icra başçısının müavini Aleksandra Kirpiçnikova və Tacikistanın Sankt-Peterburqdakı Baş konsulu Dövlətəli Nəzrizadə iştirak ediblər.                                                                                                               

Tədbirin açılışında çıxış edən Smolnıy İnstitutunun prezidenti, professor Boris Sovetov təhsil müəssisəsinin fəaliyyəti və nailiyyətləri barədə iştirakçılara məlumat verib. O bildirib ki, 20 il ərzində İnstitutda təhsil alan gənclər müxtəlif sahələrdə fəaliyyət göstərərək uğurlar qazanıblar. İnstitut gənclərə təhsil verərək peşəkar kadrların yetişdirməsinə davam etməkdədir.                                                                                                                                             

Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov Smolnıy İnstitutunun professor və müəllim heyətini 20 illik münasibəti ilə təbrik etdi. Diplomat İnstitut tələbələrinə uğurlu təhsil ili arzulayıb. Baş konsul Smolnıy Institutunun Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Təhsil müəssisəsində oxuyan azərbaycanlı tələbələrə müraciət edən diplomat onlara yüksək bilik səviyyəsi arzulayıb. Baş konsul Sultan Qasımov bildirib ki, İnstitut məzunlarının gələcəyin peşəkar kadrları olacağından əmindir. Çıxışının davamında Baş konsul qeyd edib ki, Rusiyanın ali təhsil mərkəzlərində dünya və Azərbaycanın bir çox tanınmış siyası xadimi təhsil alıb. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyanın aparıcı təhsil mərkəzlərinin məzunu olduqlarını xatırladıb. Diplomat Azərbaycanın tolerant dövlət olduğunu, 300-dən artıq təhsil müəssisəsində rus dilinin geniş şəkildə tədris edildiyi barədə məlumat verib.       Təhsil sahəsində əməkdaşlıq barədə danışan Baş konsul Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının fəaliyyət göstərdiyini və gələcəkdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Bakıda filialının açılışının gözləndiyini bildirib. Diplomat Sankt-Peterburqun aparıcı Universitetlərində çox sayda Azərbaycandan tələbələrin dövlət xətti və fərdi qaydada təhsil aldıqlarını, Azərbaycanlı gənclər arasında Rusiyada ali təhsilə marağın böyük olduğunu vurğulayıb. 

Tədbirin davamında həmvətənlimiz, diasporumuzun fəal üzvü, İnstitutun fəxri professoru və Himayədarlar Şurasının üzvü Heydər İmanov əsas mövzu “Smolnıy İnstitutu: keçmişi, bu günü və gələcəyi” adlı mühazirə ilə çıxış etdi. Mühazirədə təhsil müəssisəsinin yaradılma tarixi, təhsil proqramı, prioritet istiqamətlər, nailiyyətlər nəzərdən keçirilib, aktual problemlər, qarşıda duran məqsədlər ümumi inkişaf konsepsiyası açıqlanıb.                          

Tədbirdə çıxış edənlər Smolnıy İnstitutunun Sankt-Peterburqun təhsil sahəsindəki xidmətlərindən və tədris keyfiyyətindən bəhs ediblər. Rəsmi hissədən sonra Smolnıy İnstitutunun tələbələri qonaqlar qarşısında konsert proqramı ilə çıxış ediblər.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi