2018-11-26
Sankt-Peterburqda VII Beynəlxalq Mədəniyyət Forumu keçirilib.

Cari ilin 15 noyabr tarixində Sankt-Peterburqda VII Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Sankt-Peterburqun Dövlət Ermitaj muzeyində baş tutan forumda ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Forumda həmçinin ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu və Baş konsul Sultan Qasımov iştirak ediblər.                                                                                              

Tədbirin rəsmi açılış mərasimində Rusiya Federasiyası hökumətinin sədr müavini Olqa Qolodets çıxış edib. Forumun mahiyyəti barədə danışan Rusiya hökumətinin sədr müavini bildirib ki, ilk dəfə Mədəniyyət Forumu 70 nəfərin iştirakı ilə keçirilmişdir. Lakin bu gün foruma 35 000-dən artıq fərdi iştirakçı və 100-dən artıq ölkə qatılıb. Forumda 14 sessiya üzrə müzakirələrin aparılması planlaşdırılıb. Forumun açılış günü həmçinin, Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, habelə forumun “fəxri iştirakçı ölkə”si statusunda olan Qətərin mədəniyyət naziri və İtaliyanın Rusiya Federasiyasındakı səfirləri də çıxış ediblər.                                                                                         

Forumun ikinci günü 16 noyabr tarixində tədbirə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin qatılıb. Qonaqlar qarşısında çıxış edən Rusiya Federasiyasının Prezidenti V.Putin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun mahiyyətini vurğulayaraq, tədbirin dünyanın müxtəlif ölkələrindən tanınmış mədəniyyət və incəsənət xadimlərini bir araya gətirdiyini, mədəniyyət və humanitar sahələrdə fikir və təcrübə mübadiləsi üçün əvəzsiz imkanlar yaratdığını vurğulayıb. Cənab Vladimir Putin 2019-cu ildə də ənənəvi olaraq Sankt-Peterburqda növbəti Forumun keçiriləcəyini və teatr sənətinə xüsusi yerin ayrılacağını qeyd edib.

Forumun açılış günü Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Səfir Polad Bülbüloğlu və Baş konsul Sultan Qasımov Rusiya hökumətinin sədr müavini Olqa Qolodets və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla çox səmərəli görüşlər keçiriblər. Rusiya hökumətinin nümayəndələri Azərbaycalı həmkarlarına 2020-ci ildə Azərbaycan Respublikasının Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edəcəyini bildiriblər. Söhbətin davamında 2020-ci ildə Azərbaycanın Forum çərçivəsində iştirakı, keçiriləcək mədəni tədbirlər müzakirə edilib.

Nazir Əbülfəs Qarayev həmçinin bir sıra ikitərəfli görüşlər keçirib. Nazir Ə.Qarayevin Bolqarıstan mədəniyyət naziri Boil Banov ilə keçirilmiş görüşündə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb. Macarıstanın mədəniyyət üzrə dövlət katibi xanım Orşoa Paçai Tomaşiç ilə keçirilmiş görüşdə ölkəmizin Macarıstanın elm və mədəniyyət xadimlərinin dərin maraq dairəsində olduğu vurğulanıb. Macarıstanın dövlət katibi O.Paçai xalqlarımızın tarixən yaxın köklərlə bağlı olduğunu bildirib. Görüşdə iştirak edən macar tədqiqatçılar Azərbaycan ilə birgə arxeoloji tədqiqatlar aparmaq arzusunda olduqlarını qeyd ediblər. Öz növbəsində nazir Ə.Qarayev ölkəmizdə bu sahədə mövcud təcrübədən bəhs edərək layihənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirilməsi üçün geniş imkanlar olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rektoru Vladimir Sergeyeviç ilə keçirilmiş görüşdə adıçəkilən təhsil müəssisəsində azərbaycanlı tələbələrin təhsili üçün şəraitin yaradılması ilə bağlı razılıq əldə edilib.                                   

Həmin gün nazir Əbülfəs Qarayev və Baş konsul Sultan Qasımov Rusiyanın dünya miqyasında tanınmış rəssamı, heykəltəraş Mixail Şemyakinin dəvəti ilə “Şemyakin” fondunda çox səmimi görüş keçiriblər. Görüş zamanı M.Şemyakinin Bakıya səfəri və sərgisinin təşkil edilməsi imkanları müzakirə edilib.

Noyabrın 16-da mədəniyyət naziri Əbülfəs Qarayevlə Rusiyanın mədəniyyət naziri Vladimir Medinski arasında ikitərəfli görüş keçirilib. Görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında birgə bəyanat imzalayıblar. Görüşdə Səfir Polad Bülbüloğlu və Baş konsul Sultan Qasımov iştirak ediblər.

VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində reallaşan imzalanma mərasimində iştirak edən Rusiya Federasiyası hökumət sədrinin müavini Olqa Qolodets və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə ölkəmizin mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.                                    

Forum çərçivəsində nazir Əbülfəs Qarayev Sankt-Peterburqun Rusiya Federasiyasının Xalq artisti, “Mariinskiy” teatrının bədii rəhbəri Valeriy Gergiyevlə, dünya şöhrətli pianoçu Dmitriy Matsuyevlə və Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanovla görüşüb. Keçirilmiş görüşlər zamanı Azərbaycan və Rusiya arasında mədəniyyət əlaqələrinin inkişafı, ölkə mədəniyyətlərinin qarşılıqlı təbliğatı, birgə tədbir layihələr və digər aktual məsələlər müzakirə edilib.

Noyabrın 17-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Baş konsul Sultan Qasımov Ümummilli Lider Heydər Əliyevin şəhərdəki Qoroxova küçəsi 6 saylı binada barelyefinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Ulu öndər 1949-1950-ci illərdə bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alıb

17 noyabr tarixində nazir Əbülfəs Qarayev və Baş konsul Sultan Qasımov Sankt-Peterburqda Rusiya Dövlət Ermitajınının müdiri Mixail Piotrovski ilə görüşüblər və dünyaca məşhur muzeyin bir sıra ekspozisiya zalları ilə tanış olublar.

Səfər çərçivəsində Baş konsulluq tərəfindən nazir Əbülfəs Qarayevin “Mariinskiy” teatrının aparıcı solistləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Regina Rüstəmova, Elnarə Məmmədova, Timur Əsgərov və Həsən Bağırovla görüşü təşkil edilib. Görüşdə Baş konsul Sultan Qasımov iştirak edib. İncəsənət xadimləri nazirə Sankt-Peterburqdakı uğurlu fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin Sankt-Peterburqa baş tutmuş səfəri zamanı Baş konsul Sultan Qasımov Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində Baş konsulluq tərəfindən həyata keçirilən tədbirlər və gələcəkdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Diplomat Sankt-Peterburqun Mədəniyyət Komitəsinin sədri Konstantin Suxenko ilə keçirilmiş görüşlər barədə naziri məlumatlandırıb. Baş konsul Sultan Qasımov qarşıda duran məqsədlər barədə danışaraq, azərbaycanlı bəstəkar, musiqişünas, alimpublisistdramaturqpedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun Sankt-Peterburqda xatirəsinin əbədiləşdirilməsi istiqamətində aparılan işlər barədə danışıb. Diplomat Sankt-Peterburqun Mədəniyyət Komitəsi tərəfindən Üzeyir Hacıbəyovun adının əbədiləşdirilməsi məqsədi ilə dahi bəstəkarın yaşadığı binanın qarşısında üzərində onun təsviri və barəsində məlumatları əks etdirən əzəmətli xatirə daşının qoyulması, D.D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyovun xatirə lövhəsinin vurulması və Sankt-Peterburqda fəaliyyət göstərən musiqi məktəblərindən birinə onun adının verilməsi kimi təkliflərin irəli sürüldüyünü qeyd edib. Nazir dahi bəstəkar Üzeyir Hacıbəyovun Sankt-Peterburqda adının əbədiləşdirilməsi fikrinin təqdirəlayiq olduğunu bildirib.

Sankt-Peterburqda VII Beynəlxalq Mədəniyyət Forumu 17 noyabr tarixində işini başa çatdırıb.         

                                              

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi