2018-11-01
“Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adının şəhadətnaməsi və döş nişanı Mariinski Teatrının solistlərinə təqdim edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adının şəhadətnaməsini və döş nişanını Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının solistlərinə təqdim edib.

Şəhadətnamə və döş nişanı Sankt-Peterburqun Mariinski Teatrının səhnəsində bu sənət ocağının solistləri - metso-soprano Regina Rüstəmovaya və teatrın balet truppasında aparıcı kişi rollarının ifaçısı Timur Əsgərova verilib.

Polad Bülbüloğlu artistləri təbrik edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Mariinski Teatrının solistləri Regina Rüstəmovanı və Timur Əsgərovu “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görüb. O deyib: “Bu gün Azərbaycan mədəniyyəti dünyada Dinara Əliyeva, Elçin Əzizov, Yusif Eyvazov kimi görkəmli səhnə ustaları ilə təmsil olunur. Onlar dünyanın ən məşhur səhnələrində çıxış edirlər. Mən sizə də belə uğurlu səhnə taleyi arzu edirəm”.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Rusiyanın şimal paytaxtında ölkəmizi layiqincə təmsil edən həmvətənlərimizi təbrik edərək onlara yaradıcılıq uğurları diləyib.

Regina Rüstəmova və Timur Əsgərov sənətlərinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 27 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup mədəniyyət və incəsənət xadiminə fəxri adlar təqdim edilib. Onların sırasında Sankt-Peterburqda fəaliyyət göstərən sənət adamları, o cümlədən balet ustası Timur Əsgərov və vokalçı Regina Rüstəmova, Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova və Sankt-Peterburq Caz Musiqisi Filarmoniyasının solisti Həsən Bağırov da var.

Regina Rüstəmova 2008-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Sankt-Peterburq Mariinski Teatrının Finlandiyadakı Beynəlxalq Yay Akademiyasında təhsil alıb, bir çox beynəlxalq müsabiqələrin qalibi olub. 2008-ci ildən Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının solistidir.

Timur Əsgərov Bakı Xoreoqrafiya Məktəbinin məzunudur. 2013-cü ildə Gənclər üçün Azərbaycan Prezidenti mükafatına layiq görülüb. Bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. 2011-ci ildən Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının solistidir.

https://youtu.be/OA6d432eiEs

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi