2018-08-28
Baş konsul Sultan Qasımovun Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Beqlovla görüşüb.

Cari ilin 28 avqust tarixində Baş konsul Sultan Qasımov Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Beqlovun dəvəti ilə onun iqamətgahında görüşüb. Görüş zamanı Baş konsul Sultan Qasımov və Aleksandr Beqlov Azərbaycan Respublikası ilə Rusiyanın Şimal-Qərb Federal dairəsi arasında iqtisadi əlaqələrin inkişafından danışıblar.                                                              

Baş konsul ötən ilin aprel ayında Sankt-Peterburqda baş tutmuş Hökumətlərarası Komissiyanın iclası nəticəsində “Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komissiyası”nın ilk iclasının Protokolunun imzalandığını və bu sənədin əməkdaşlığın inkişafına xidmət etdiyini bildirib. Diplomat Hökumətlərarası əməkdaşlığa dair Protokol əsasında 2017-ci ilin oktyabr ayından etibarən Azərbaycanin "Buta Airways" aviaşirkətinin Rusiyanın Sankt-Peterburq şəhərinə uçuşlara başladığını və ekonom büdcəli aviadaşıyıcının fəaliyyətinin Azərbaycanla Sankt-Peterburq arasında turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. İqtisadi əməkdaşlığın inkişafının əhəmiyyəti barədə danışan Baş konsul Sultan Qasımov bu sahədə planlaşdırılan layihələr barədə cənab A.Beqlova məlumat verib. O bildirib ki, hal-hazırda Sankt-Peterburqda Azərbaycan ticarət evinin açılması istiqamətində Sankt-Peterburq hökumətinin Administrasiyası ilə danışıqlar aparılır.                          

Görüşün davamında tərəflər Sankt-Peterburqla Azərbaycan Respublikası arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər, son illər bu istiqamətdə həyata keçirilmiş layihələri nəzərdən keçiriblər. Qeyd etmək istərdik ki, görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adlarına layiq görülmüş, Sankt-Peterburqda yaşayan və fəaliyyət göstərən “Mariinskiy” teatrının solisti Regina Rüstəmova və teatrın aparıcı baleronu, Bakı Xoreoqrafiya məktəbinin  məzunu Timur Əsgərov da iştirak ediblər. Baş konsul Sultan Qasımov Sankt-Peterburqun dünya şöhrətli “Mariinskiy” teatrında fəaliyyət göstərən həmvətənlərimizin əldə etdikləri uğur və nailiyyətlərin bizim üçün qürur mənbəyi olduğunu cənab A.Beqlovun diqqətinə çatdırıb. 

Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov “Mariinskiy” teatrının solistləri Regina Rüstəmovanı və Timur Əsgərovu fəxri fərmanlarla təltif edib. O bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr tarixi zəminə dayanır və mədəniyyət sahəsindəki əməkdaşlıq ikitərəfli münasibətlərin müsbət dinamikasının əsaslarından birini təşkil edir. Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal dairəsindəki səlahiyyətli nümayəndəsi tərəfindən fəxri fərmanlarla təltif edilmiş mədəniyyət xadimlərimiz öz fəaliyyətləri ilə Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmlənməsinə və inkişafına xidmət etməyə hazır olduqlarını vurğulayıblar.                                               

Görüşün davamında Baş konsul Sultan Qasımov xeyli sayda mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılıqlarının Rusiya və Sankt-Peterburqla bağlı olduğunu vurğulayıb. Diplomat hazırda Azərbaycanlı bəstəkar, musiqişünas-alimpublisistdramaturqpedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun adının Sankt-Peterburqda əbədiləşdirilməsi istiqamətində işin aparıldığını cənab A.Beqlovun diqqətinə çatdırıb.

Görüş səmimi dostluq çərçivəsində keçirilib, görüşün yekununda tərəflər xatirə hədiyyələrini təqdim ediblər.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi