2018-05-23
Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyətinin 17-19 may 2018-ci il tarixində Bakıya səfəri baş tutub.

Cari ilin 17-19 may tarixlərində Baş konsulluğun təşəbbüsü və təşkilatçılığı ilə Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri baş tutub.

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovu Baş konsul Sultan Qasımov müşayiət edib. Səfər zamanı cənab Vyaçeslav Makarovu  Milli Məclisin sədri Oqtay Əsədov qəbul edib.         

Görüş zamanı Milli Məclisin sədri cənab Oqtay Əsədov Azərbaycanla Rusiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkərək bildirib ki, ölkə başçılarının qarşılıqlı səfərləri, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Milli Məclislə Rusiya Federal Şurası və Dövlət Duması arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən spiker Rusiyanın subyektlərinin qanunvericilik orqanları ilə də münasibətlərdə bu dinamikanın saxlanıldığını söyləyib. Qeyd edilib ki, son dövrdə bu ölkənin subyektləri ilə humanitar, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir.

Azərbaycanla Sankt-Peterburq arasında münasibətlərin möhkəm tarixi zəmin üzərində qurulduğunu bildirən Milli Məclisin sədri bu gün də humanitar, elm, təhsil, mədəni sahələrdə əlaqələrimizin daha da dərinləşməsini təqdirəlayiq hesab edib. Bildirilib ki, azərbaycanlı deputatlar tez-tez bu şəhərdə səfərlərdə olur, MDB PA-nın iclaslarında fəal iştirak edirlər. Nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Sədr Azərbaycanda böyük rus icmasının mövcudluğu barədə danışaraq, ölkədə rusdilli təhsil ocaqlarının fəaliyyət göstərdiyini, rusdilli mətbu nəşrlərin geniş oxucu kütləsi olduğunu deyib. Bildirilib ki, Azərbaycanda yaşayan ruslar digər ölkə vətəndaşları kimi Konstitusiya ilə onlara verilmiş hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə edirlər.

Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ölkəmizə səfərlərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, Sankt-Peterburq və onun qanunvericilik orqanı Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir. Tarixən Nevanın sahilindəki bu şəhərlə Azərbaycan arasında həyatın müxtəlif sahələrində sıx əlaqələr mövcud olub. Münasibətlərimizin bugünkü inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Qonaq Sankt-Peterburqda Azərbaycan diasporunun fəaliyyətini, burada yaşayan soydaşlarımızın şəhərin sosial-iqtisadi həyatındakı iştirakını təqdirəlayiq hesab edib. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.          

Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Baş konsul Sultan Qasımov, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Cənab V.Makarov Fəxri xiyabanda ziyarəti zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülü

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər

Jurnalistlərə müsahibəsində Vyaçeslav Makarov Azərbaycana səfərinin uğurlu keçdiyini, məhsuldar müzakirələrin aparıldığını söyləyib. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişaf etdiyini bildirib, əlaqələrin dərinləşməsində dövlət başçılarının rolunu vurğulayıb.

Baş konsulluğun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov 19 may tarixində Bakıda Rus Mədəniyyət Mərkəzinin binasının əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin vurğulayıb ki, 1993-cü ildə yaradılmış Bakıda Rus Mədəniyyət Mərkəzi özünün 25 illiyini qeyd edir. M.Zabelin bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Rus Mədəniyyət Mərkəzinin işinə çox böyük dəstək verirdi, bu gün isə Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirir. Deputat Rus Mədəniyyət Mərkəzinin binasının yenilənməsində iştirak edənlərin hamısına minnətdarlığını bildirib, o cümlədən Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarova, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımova və Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişova təşəkkürnamələr təqdim edib.

Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov xalqlarımız arasında mədəni əlaqələrin inkişafında və möhkəmlənməsində böyük xidmətlərinə görə Mixail Zabelinə və Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafovaya qızıl medal təqdim edib.

Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ilə Azərbaycan Rus Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Tədbir Rus Mədəniyyət Mərkəzi yanında yaradıcı kollektivlərin ifasında konsert proqramı ilə davam edib.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi