2018-03-31
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunda “31 mart – azərbaycanlıların soyqırımı günü” xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərancamının icrasının təmin edilməsi istiqamətində cari ilin 31 mart tarixində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunda “Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətı” ictimai birliyinin, Baş konsulluğun təşəbbüsü və təşkilatçılığı ilə “31 mart – azərbaycanlıların soyqırımı günü” xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.         

Tədbirdə Baş konsul Sultan Qasımov, Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişev, Baş konsulluğun diplomatları, diaspor fəallarımız, Sankt-Peterburqda yaşayan azərbaycanlı ziyalılar, Rusiyanın Azərbaycan Gənclər Təşkilatı AMOR-un Sankt-Peterburq bölməsinin üzvləri, Sankt-Peterburqda təhsil alan gənclərimiz, Sankt-Peterburq ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.                                                                                                                                      

Baş konsulluqda keçirilmiş anım mərasimində 1918-ci ilin 31 mart tarixində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırımın günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Baş konsulluq tərəfindən mərasim iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, qondarma erməni “soyqırımı” haqqında yalanları ifşa edən kitablar və çap materialları təqdim olunub.                                                                                                                    

Tədbir iştirakçıları qarşısında çıxış edən Baş konsul Sultan Qasımov 2018-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın 100 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladıb. O, Azərbaycan tarixinin ağır, lakin taleyüklü səhifələrinin gələcək nəsillər tərəfindən öyrənilməsinin zərurətini xüsusi ilə vurğulayıb. Diplomat ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin Xocalı faciəsində də təkrarlandığını və ümumbəşər cinayət olduğunu qeyd edib. Baş konsul Sultan Qasımov Ermənistanın işğalçı siyasətinin və Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışıb. Baş konsul müstəqil Azərbaycanın regiondakı aparıcı mövqeyinə məhz dövlət başçısı, Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sahəsində nail olunduğunu vurğulayıb.                                                                                                  

Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişev öz çıxışında 1918-ci ilin 31 mart tarixində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımın tarixi ədalətsizlik olduğunu bildirib. O, 31 mart 1918-ci hadisələrinin və Xocalı soyqırımının ermənilərin işğalçı siyasətinin qanlı sübutu olduğunu deyib. Diaspor rəhbəri dünya azərbaycanlılarının bu faciələrin soyqırımı kimi tanınması istiqamətində fəaliyyət göstərməli olduğunu diqqətə çatdırıb. Anım mərasiminin davamında çıxış edən diaspor fəalları və gənclər 31 mart – azərbaycanlıların soyqırımı gününün xalqımızın tarixində ağır itkilərlə dolu səhifə olduğunu bildiriblər. Erməni millətçilərin etnik zəmində azərbaycanlılara qarşı törədikləri cinayətlərin heç vaxt unudulmayacağını və gələcəkdə belə ədalətsizliyin təkrarlanmasına Azərbaycan xalqının və dövlətinin yol verməyəcəyini bəyan ediblər.                  

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi