2018-03-15
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov 15 mart 2018-ci il tarixində Milli Məclisin deputatı Mixail Zabelin və Baş konsul Sultan Qasımovla görüşüb.

Cari ilin 15 mart tarixində Sankt-Peterburqun Mariinskiy sarayında Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı, Rusiya Prezidentinin seçkilərində müşahidəçi qismində iştirak etmək məqsədi ilə Sankt-Peterburqa gələn Mixail Zabelini ölkəmizin Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımovun xahişi ilə qəbul edib.                                                                                         

Görüş zamanı tərəflər 18 mart tarixində keçiriləcək RF Prezidentinin seçkilərinə aparılan hazırlıq işləri ətrafında fikir mübadiləsi aparıblar. Milli Məclisin deputatı cənab M.Zabelin Sankt-Peterburqda xarici müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şəraitdən danışıb, o bildirib ki, burada vətəndaşların şəffaf və demokratik seçkidə iştirakı üçün zəruri şərait mövcuddur. Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov Rusiya Prezidentinin seçkilərində xarici müşahidəçilərin iştirakının əhəmiyyətini vurğulayıb. O, 18 mart tarixində Rusiyanın siyasi həyatı üçün əlamətdar gün olduğunu bildirdib.                               

Görüş zamanı həmçinin Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov və Baş konsul Sultan Qasımov cənab V.Marakovun cari ilin 19 may tarixinə Bakıya planlaşdırılmış səfərini müzakirə ediblər. Qeyd etmək istərdik ki, 2017-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin və Baş konsulluğun təşkilatı dəstəyi ilə cənab V.Makarovun Bakıya baş tutmuş səfəri zamanı o Azərbaycanın Rus icmasının yerləşdiyi inzibati binada olmuş və həmin məkanın ciddi təmirə ehtiyacı olduğunu bildirmişdir. 19 may tarixində nəzərdə tutulmuş səfər çərçivəsində cənab V.Makarov Rus icmasının Mədəniyyət Mərkəzinin təmirdən sonrakı təntənəli açılışında iştirak edəcəkdir.                                         

Görüş zamanı həmçinin Azərbaycan Hökuməti ilə RF-in Sankt-Peterburq Hökuməti arasındakı mədəni, humanitar, siyasi və iqtisadi əlaqələrin inkişafı, o cümlədən Parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir, əldə edilmiş nailiyyətlər nəzərdən keçirilmişdir.                                                                                                            

Baş konsul Sultan Qasımov cari ilin aprel ayının 11-də Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı aparılan hazırlıq işləri və Baş konsulluqda seçki məntəqəsinin fəaliyyət göstərəcəyi barədə məlumat verib.  

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi